RU

“AZWOOL” zavodunun açılması qeyri-neft sektoruna sərmayə qoyuluşu baxımından vacibdir  

Qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsi iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafı baxımından vacibdir. Son dövrlər qeyri-neft sektorundakı artım tempi ÜDM-dəki artımı formalaşdırır. Xüsusən neft sektorunda azalma fonunda qeyri-neft sektorundakı artım hesabına ümumi iqtisadiyyatdakı artım tempinin qorunub saxlanılmasını müşahidə edirik. Ötən aylara nəzər salsaq görərik ki, qeyri-neft sektoru və bu sahəyə cəlb edilən sərmayələr ümumi iqtisadi artımda həlledici olaraq qalmaqdadır. Bu ilin ilk on ayında neft-qaz sektoru 2,1 faiz azalsa da, qeyri-neft sektoru 3,1 faiz artıb. Bu da ümumi iqtisadiyyatda 1,3 faizlik artımın əldə edilməsinə gətirib çıxarır. Bu baxımdan “AZWOOL” mineral daş yunu zavodunun açılması qeyri-neft sektoruna sərmayə qoyuluşu baxımından vacibdir.

Bu barədə AZƏRTAC-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, bu investisiya bir tərəfdən iqtisadiyyatda sənayeləşmənin təşviqi, digər tərəfdən isə bütövlükdə bu sahənin ixrac imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq. Çünki bu gün Azərbaycan üçün ən prioritet məsələlərdən biri qeyri-neft ixracının artırılmasıdır. Bu da məhz sözügedən zavodların açılması, bu sahəyə yeni investisiyaların cəlb edilməsində özünü göstərir.

Daxili istehsalın artması bazarda qiymətlərə təsir göstərə bilər. Çünki yerli istehsal artdıqca qiymətlərin optimallaşdırılması və müəyyən müddətdən sonra qiymətlərin azalmasını müşahidə edə bilərik. Sözsüz ki, bu zavodun açılması məşğulluğun təmin edilməsində xüsusi paya malik olacaq. Bu, həm ixtisaslı kadrlara olan tələbin ödənilməsinə imkan verəcək, həm də yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bu zavodun açılması eyni zamanda, innovativlik və strateji istehsal aspektdən vacibdir. Bu, həm də sənayedə strateji yanaşmanı aktuallaşdırır. Hədəf daha çox məhsul ixrac etməklə ixrac imkanlarını genişləndirmək və qeyri-neft sektorunun hesabına ölkəyə daha çox vəsaitin daxil olmasına nail olmaqdan ibarətdir.

Избранный
10
1
azerbaijan-news.az

2Источники