RU

DVX: Gəlir vergisi üzrə yeni güzəştlər sahibkarların marağını və işçilərin hüquqlarını dəstələyəcək çərçivədədir

Bakı, 27 noyabr, AZƏRTAC

Vergi Məcəlləsinə təklif edilən növbəti dəyişikliklər paketi Milli Məclisin müzakirəsindədir. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri 2026-cı ildən etibarən qeyri-neft-qaz sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisinə dair yeni güzəştlərin tətbiqidir.

Bu barədə AZƏRTAC-a açıqlaması zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin rəisi Elnur Yusifov bildirib.

Onun sözlərinə görə, 2019-cu il yanvarın 1-dən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilib. İslahatın məqsədi sahibkarlar və işəgötürənlər üçün əlverişli vergi-investisiya mühitinin yaradılması ilə işçi sayının və əmək haqlarının əhəmiyyətli leqallaşmasına nail olmaqdır.

“Eyni zamanda, bu islahatla əməkhaqqı fondunun böyüməsi və sosial sığorta yığımlarının artması, işçilərin gələcək pensiya təminatı üçün real maliyyə bazasının formalaşması, əhalinin leqal və daha yüksək əmək haqları ilə banklardan kredit almaq imkanlarının genişlənməsi də əsas hədəflərə daxil idi. Həmçinin güzəştlər ölkədə nağdsız əməliyyatların həcminin əhəmiyyətli dərəcədə böyüməsinə də mühüm töhfə verib”, - deyə Elnur Yusifov vurğulayıb.

İdarə rəisi qeyd edib ki, islahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 481,4 min vahid və ya 89,2 faiz artaraq 2025-ci ilin noyabr ayının 1-nə 1 milyonu keçib və cəmi əmək müqavilələrində payı 38,5 faizdən 54,2 faizə yüksəlib. Müvafiq güzəştin tətbiqi özəl sektorda əmək münasibətlərinin və iş yerlərinin rəsmiləşdirilməsinə, “kölgə iqtisadiyyatı”nın həcminin azalmasına, habelə sahibkarların vergi yükünə müsbət təsir göstərməklə qeyri-neft sektorunun dayanıqlı inkişafına mühüm töhfə verib.

E.Yusifov vurğulayıb ki, 7 illik güzəştlər cari ilin sonunda başa çatacağından 2026-cı ildən etibarən qeyri-neft-qaz sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisinə dair yeni, mərhələli güzəştlərin tətbiqinə başlanılacaq. Məqsəd islahatların nəticələrinin qorunması və əmək gəlirləri üzrə “ağarma” imkanlarının dəstəklənməsinin davam etdirilməsidir. Bu səbəbdən daha az gəlirlərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsi təklif olunur. Aylıq məbləğindən asılı olaraq 2500 manatadək gəlirlər 2026-cı ildən 3, 2027-ci ildən 5, sonrakı illərdən isə 7 faiz, 2500-8000 manat aralığında gəlirlər 10 faiz və 8000 manatdan yuxarı gəlirlər isə 14 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. Bu zaman işçinin aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manat olan hissəsindən gəlir vergisinin tutulmaması ilə bağlı güzəşt qüvvədə qalacaq.

Eyni zamanda, 2026-cı ilin yanvarın 1-dən qeyd edilən sektorda muzdlu iş üzrə işçinin aylıq gəliri 8000 manatadək olduqda, işçidən tutulan və işəgötürənin hesabına ödənilən sosial sığorta haqlarının dərəcəsi hazırda qüvvədə olan dərəcələrlə davam etdiriləcək. İşçinin əmək haqqının 8000 manatdan yuxarı hissəsinə görə isə dərəcənin 4 faiz azaldılaraq 25 faizdən 21 faizə endirilməsi, işçi üzrə 10 faiz, işəgötürən üzrə 11 faiz olması nəzərdə tutulur: “Özəl sektora münasibətdə tibbi sığorta haqqı dərəcələrində də dəyişiklik edilir. Belə ki, dəyişikliyə qədər işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan çox olan hissəsindən 0,5 faiz, işəgötürən tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz tutulurdu. 2026-cı il yanvarın 1-dən etibarən isə işçi və işəgötürəndən əməkhaqqının 2500 manatadək olan hissəsindən 2 faiz, 2500 manatdan yuxarı olan hissəsinə görə isə, işçi və işəgötürən üzrə 0,5 faiz hesablanacaq. Bununla da, əməkhaqqının 2500-8000 manat intervalında icbari tibbi sığorta haqqının cəmi dərəcəsi 4 faizdən 1 faizə endiriləcək. İşsizlikdən sığorta haqqının hesablanması isə hazırda qüvvədə olan qaydada davam etdiriləcək”.

İdarə rəisi vurğulayıb ki, yeni mexanizmlər sosial müdafiə sisteminin maliyyə dayanıqlığını gücləndirməyə, əmək bazarında yüklərin balanslaşdırılmasına və vətəndaşların rifah səviyyəsinin qorunmasına xidmət edəcək, həmçinin rəsmi məşğulluğun qorunması və əmək münasibətlərinin rəsmiləşdirilməsinin təşviqinə şərait yaradacaq.

Ümumilikdə isə dəyişikliklər sahibkarlara və işçilərə yeni vergi dərəcələrinə rahat uyğunlaşmağa kömək edəcək. Biznes subyektləri və işçilər üçün yük minimum olacaq.

Избранный
6
14
azertag.az

10Источники