RU

Xəzərin sahilindən beynəlxalq turizmə göz vuran tədbir: Neftçaladakı Balıq Festivalının hekayəsi

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın hər bölgəsi, sanki bir kitabın ayrıca fəslidir. Astaranın çay qoxulu səhərləri, Qubanın alma bağları, Şəkinin şirniyyat dolu küçələri… Və indi də Neftçala, Xəzərin sahilindəki bu sakit, özünəməxsus rayonda yeni bir fəslin yazıldığı yerdir. Balıqçılıq ənənəsi ilə tanınan Neftçala yaxın günlərdə Balıq Festivalına ev sahibliyi edəcək. Bu, sadəcə bir kənd təsərrüfatı məhsulunun təqdimatı deyil, bölgənin ruhunu, tarixini, mətbəxini və insanlarının həyat tərzini tanıdan bir bayramdır.

Festivalın keçirilməsi, açığı, çoxdan lazım idi. Neftçala balıqla nəfəs alan, balıqçılıqla yaşayan bir regiondur. Xəzərin dalğaları burada təkcə səsküylə sahili döymür, həm də həyat gətirir. Elə bu səbəbdən Balıq Festivalı həm yerli əhalinin əmək və ənənələrinin tanıdılması, həm də ölkə turizminin yeni istiqamət qazanması üçün gözəl fürsətdir.

Dünyada regional festivallar turizmin ən effektiv alətlərindən biri sayılır. Çünki turistə yalnız mənzərə və ya otel deyil, “yaşanmışlıq” lazımdır. Bizdə isə hər bölgənin öz “yaşanmış hekayəsi” var. Sadəcə bunu düzgün təqdim etmək gərəkdir.

Məsələn, Qəbələdə fındıq festivalı, Qusarda alma bayramı, Lənkəranda çay və sitrus tədbirləri, Şirvanda bostan günləri… Bunlar sadəcə kənd təsərrüfatı məhsulu deyil, bölgənin xarakterini, iqlimini, zəhmətini, insanının əllərinin istiliyini göstərən simvollardır. Neftçalanın balıq festivalı da bu silsiləyə gözəl şəkildə qoşulur.

Bu cür tədbirlər turistə bölgəyə gəlmək üçün konkret səbəb yaradır. Sadəcə gəzmək üçün yox, dadmaq, öyrənmək, yaşamaq üçün gəlir insan. Ən uğurlu turizm də, məhz belə qurulur. Məhsula, sənətə, hekayəyə toxunaraq.

Əvvəla, bölgənin içində olan potensialı üzə çıxarar. Neftçala uzun illərdir real imkanlarını tam tanıda bilməyən rayonlardan biri kimi qalıb. Halbuki balıqçılıq mədəniyyəti, Xəzər sahilinin ecazkar mənzərəsi və qulaq dolduran qamışlıq səsləri turist üçün nadir təcrübədir. Bu gün dünya turizmi unikal təcrübələrin ardındadır. Kim gedib dünyanın ən böyük alış-veriş mərkəzini görmək istəyir? İnsanlar kəndlərin sükutuna, yerli yeməyin dadına, bölgə mədəniyyətinin nağıl kimi təcrübəsinə qaçır. Ona görə də Neftçalada keçirilən balıq festivalı təkcə bir tədbir deyil, Azərbaycanın regional turizminin yeni nəfəsidir.

Hər bölgə özünəməxsus festivalı ilə daha parlaq olar. Çünki ölkə kimliyini bir şəhər deyil, bütün bölgələrin ahəngi yaradır. Və ola bilsin ki, illər sonra kimsə Azərbaycana məhz Neftçalanın balıq festivalını yaşamaq üçün gəlsin. Çünki dadın, ənənənin və insan təbəssümünün birləşdiyi yer heç vaxt unudulmur.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
bizimyol.info

1Источники