RU

Katolik dini mərkəzlə əməkdaşlıq niyə vacibdir?

Ekspert: “Azərbaycan xristian dünyasına, xüsusilə də katolik icmalarına birbaşa mesaj göndərmək imkanı əldə edir”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfər çərçivəsində Vatikanda Roma Papa XIV Leo ilə görüşüb. XİN rəhbəri bu barədə X platformasında paylaşım edib və bildirib ki, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında münasibətlər yüksək səviyyədədir və dinlərarası dialoqun təşviqində mühüm rol oynayır. Nazirin sözlərinə görə, iki ölkə arasındakı əlaqələr multikulturalizmin dəstəklənməsi, müxtəlif din və mədəniyyətlərin birgə yaşamasının təşviqi baxımından nümunəvi model kimi çıxış edir. Qeyd olunub ki, Azərbaycan dövlətinin əsas prioritetlərindən biri dini tolerantlığın və dialoqun gücləndirilməsidir və Vatikanla əməkdaşlıq bu istiqamətdə əhəmiyyətli töhfə verir. 

Qeyd edək ki, noyabrın ilk həftəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə də Vatikana səfər etmişdi, səfər çərçivəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşmüşdü. Şeyxülislam Allahşükür Paşazadə Heydər Əliyev Fondunun son illər ərzində Vatikandakı fəaliyyətinin əhəmiyyətini vurğulayıb, ölkəmizdə ikinci Katolik Kilsəsinin inşası barədə məlumat vermişdi. 

Göründüyü kimi, Azərbaycanla Müqəddəs Taxt-Tac - Vatikan arasında uzun illər qarşılıqlı maraqlara əsaslanan münasibətlər son zamanlar yeni keyfiyyət mərhələsinə yüksəlib. Bu əlaqələr təkcə diplomatik çərçivəni aşaraq humanitar, mədəni və dini sahələrdə də genişlənir və strateji mahiyyət daşımağa başlayır.

Siyasi şərhçi, dini mövzular üzrə mütəxəssis Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Azərbaycanın müasir xarici siyasətinin əsas istiqamətlərindən biri müxtəlif güc mərkəzləri ilə balanslı, praqmatik və çoxşaxəli diplomatik əlaqələrin qurulmasıdır. Bu yanaşma təkcə siyasi maraqların təmin edilməsinə deyil, həm də beynəlxalq aləmdə ölkənin nüfuzunun artırılmasına xidmət edir. Azərbaycan uzun illər boyunca ərzində nə qədər mürəkkəb geosiyasi proseslərlə üzləşsə də, bu çətinlikləri rasional diplomatik alətlərdən istifadə etməklə aradan qaldırmağa nail olub. Xüsusilə 30 il davam edən Ermənistanın işğal siyasəti dövründə Azərbaycan məhz çoxvektorlu diplomatiya vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini regionda mövcud olan ədalətsizliyə yönəldə bilmiş və Ermənistanın təcavüzkar dövlət olduğunu qlobal miqyasda qəbul etdirib.

 Azər Hüseynov

Bu baxımdan Azərbaycanın Vatikanla əməkdaşlığı ölkənin xarici siyasətində xüsusi strateji xətt təşkil edir. Vatikan dünyada təkcə dini mərkəz deyil, həm də siyasi və humanitar səviyyədə mühüm təsirə malik olan aktordur. Hazırda dünyanın bir çox aparıcı dövlətlərinin siyasi elitalarında, xüsusilə ABŞ, Latın Amerikası və Avropada katolik icmasının güclü mövqeyi nəzərə alınsa, bu qurumla qurulan dialoq Azərbaycanın beynəlxalq platformalardakı mövqelərini gücləndirən əlavə diplomatik kanaldır. Roma Papasının qlobal miqyasda qəbul edilən nüfuzu, dünya siyasətində formalaşdırdığı mənəvi və siyasi təsir Azərbaycan üçün həm kommunikasiya, həm də mesajvermə baxımından mühüm əhəmiyyət daşıyır".

Siyasi şərhçi əlavə edib ki, Azərbaycanın Vatikanla münasibətlərinin digər bir mühüm tərəfi ölkənin dini tolerantlıq modelinin beynəlxalq aləmdə tanıdılmasıdır: “Azərbaycan tarixən çoxkonfessiyalı cəmiyyət kimi formalaşmış və bu müxtəliflik dövlət siyasətində qorunub saxlanmışdır. Müasir Azərbaycan dövləti də dini müxtəlifliyin qorunmasını, dini icmaların sərbəst fəaliyyətini və tolerant mühitin möhkəmlənməsini öz siyasi prioritetlərindən biri kimi qəbul edir. Bu çərçivədə ölkədə katolik icması üçün kilsənin inşa edilməsi, dini ayinlərin sərbəst şəkildə icra olunması və müxtəlif xristian icmalarının fəaliyyətinə dövlət dəstəyi Azərbaycanın dünyada nadir multikultural modellərdən birini formalaşdırdığını göstərir. Bu, eyni zamanda beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin möhkəmləndirilməsi və ölkənin dinlərarası dialoq mərkəzi kimi tanınması baxımından xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan-Vatikan əməkdaşlığının daha bir vacib izahı odur ki, bu əlaqələr vasitəsilə Azərbaycan xristian dünyasına, xüsusilə də katolik icmalarına birbaşa mesaj göndərmək imkanı əldə edir. Postmüharibə dövründə Azərbaycanın Qarabağda apardığı bərpa və yenidənqurma prosesi, mədəni irsin qorunması və dini abidələrin bərpası ilə bağlı atdığı addımlar da məhz bu müstəvidə xristian dünyası ilə kommunikasiya xəttinin gücləndirilməsinə xidmət edir. Vatikan kimi qlobal dini mərkəzin Azərbaycanın bu siyasətini yaxından tanıması və dəstəkləməsi ölkəmizin beynəlxalq humanitar-diplomatik imkanlarını daha da genişləndirir".

Azər Hüseynov qeyd edir ki, Ceyhun Bayramovun Vatikan səfəri yalnız diplomatik görüş xarakteri daşımır, həm də Azərbaycanın dinlərarası dialoq, sivilizasiyalararası əməkdaşlıq və qlobal humanitar diplomatiya sahəsində formalaşdırdığı nüfuzun nümayişi kimi çıxış edir: “Azərbaycan bu səfər vasitəsilə həm öz tolerantlıq modelini dünyaya təqdim edir, həm də qlobal xristian platformalarında ölkənin mövqelərinin daha obyektiv dəyərləndirilməsinə şərait yaradır.

Bundan əlavə, Vatikanla əlaqələrin güclənməsi Azərbaycanın “yumşaq güc” strategiyasının mühüm bir elementi kimi çıxış edir. Dünya siyasətində təsir yalnız hərbi və iqtisadi güclə ölçülmür; humanitar, dini və mədəni diplomatiya da ciddi rol oynayır. Azərbaycan dini azadlıqların təmin edilməsi, müxtəlif icmaların dinc birgə yaşaması və dövlət-din münasibətlərinin harmonik şəkildə qurulması ilə bu sahədə ciddi üstünlüklər nümayiş etdirir. Xüsusən Avropada və bəzi Qərb ölkələrində dini narahatlıqların və münaqişələrin artdığı dövrdə Azərbaycanın bu modeli xüsusi diqqət çəkir.

Azərbaycan-Vatikan münasibətləri təkcə iki tərəf arasında diplomatik əlaqə deyil, həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, tolerantlıq siyasətinin nümayişi və qlobal platformalarda təsir imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu dialoq Azərbaycanın həm siyasi, həm humanitar, həm də mənəvi sahələrdə formalaşdırdığı çoxvektorlu diplomatiyanın mühüm bir istiqamətidir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar ölkənin regional liderlik iddiasını gücləndirməklə yanaşı, onun qlobal humanitar və multikultural dəyər mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir". 

Yazını hazırladı: Afaq MİRAYİQ

Избранный
20
musavat.com

1Источники