Ankara, 28 noyabr, AZƏRTAC
Türkiyənin ticarət naziri Ömər Bolat Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşünün nəticələrinin əhəmiyyətini vurğulayıb.
AZƏRTAC xəbər verir ki, türkiyəli nazir “Star” qəzetinə verdiyi müsahibədə Ankaranın türk dövlətləri ilə ticarət və iqtisadi əlaqələrin dərinləşdirilməsi üzrə fəal danışıqları davam etdirdiyini bildirib.
“2025-ci il oktyabrın 7-də Qəbələdə keçirilən TDT Zirvə Görüşündə təkcə türk dövlətlərinin mədəni yaxınlaşdırılması üzrə səyləri deyil, həm də türk dövlətlərinin sülh, təhlükəsizlik və iqtisadi inteqrasiya istiqamətində birliyi müzakirə edilib. Bu istiqamətdə qətiyyət və iradə nümayiş etdirilib”, - deyə türkiyəli nazir bildirib.
Ö.Bolat birbaşa türk dövlətlərinin iqtisadi nazirlikləri səviyyəsində əlaqələrə diqqət çəkib və 2024-cü ilin oktyabr ayında Bişkekdə keçirilən TDT iqtisadiyyat və ticarət nazirlərinin 13-cü iclasının nəticələrini xatırladıb.
Türkiyəli nazir Azərbaycanla Özbəkistan arasında Güzəştli Ticarət Sazişlərini də xatırladıb. “Ankara regional və qlobal səviyyələrdə iqtisadi proseslərin Türkiyənin maraqlarına zərər verməməsi üçün ticarət diplomatiyasını davam etdirir. Bizim məqsədimiz məhsuldarlığın və ixracın davamlı artmasına əsaslanan iqtisadi artıma nail olmaqdır”, - Ö.Bolat bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara