RU

"Hakimiyyət cəmiyyətin iradəsi ilə hesablaşmırsa, xalq diplomatiyası heç bir nəticə verə bilməz" - ŞƏRH

"Ermənistan ilə Azərbaycan arasında xalq diplomatiyası, sülh körpüləri və s. adlarla adlandırılan institutların fəaliyyətinə ehtiyac var. Əlbəttə, iki ölkənin, iki xalqın münasibətlərinin normallaşdırılmasının yalnız xalq diplomatiyası və ya ictimai diplomatiya hesabına dərhal baş verəcəyini düşünmək doğru olmaz". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, unutmayaq ki, burada söhbət 40-50 il bir-birinə qarşı düşmənçilik içərisində yaşamış və Azərbaycana qarşı ən murdar və ifrat formalarda təcavüz hərəkətlərinə yol vermiş bir toplumla, bir dövlətlə münasibətlərdən gedir: "Belə şəraitdə yalnız xalq diplomatiyası ilə hər şeyin birdən-birə düzələcəyini ümid etmək təbii ki, mümkün deyil. Ancaq bu diplomatiyanın, sülh körpüsünün qurulma üsulları çox önəmlidir. Zamanın seçilməsi burada çox əhəmiyyətlidir. Məsələn, xalq diplomatiyası həm sülh sazişinin imzalanmasına qədər, həm də imzalanmasından sonra vacib olacaq. Bu istiqamətdə ardıcıl və fasiləsiz addımlar atılmalıdır. Amma Ermənistanda hakimiyyət sülh sazişini imzalamağa meyilli olmadığı dövrdə xalq diplomatiyası faktiki olaraq təsirsiz qalır. Azərbaycan isə istər hakimiyyət, istər cəmiyyət səviyyəsində 30 illik təcavüz şəraitində yaşadığından, bu sazişin mümkün qədər tez imzalanmasında maraqlıdır. Amma Ermənistan cəmiyyəti və dövləti tarixən təcavüzkar tərəf olmuşlar və bu səbəbdən Azərbaycanla sülhü ürəkdən istəmələri real deyil.

Əgər Ermənistan hakimiyyəti sülh iradəsini ortaya qoyarsa, o zaman xalq diplomatiyasının müsbət təsirindən danışmaq olar. Ermənistanda demokratik mühitin formalaşması da xalq diplomatiyasının uğur şərtlərindən biridir. Əgər hakimiyyət cəmiyyətin iradəsi ilə, rəyilə hesablaşmırsa, xalq diplomatiyası heç bir nəticə verə bilməz. Bu səbəbdən, Ermənistanda həm sülhə meyillənmə, həm də xalqın iradəsinə hörmət, bu cür diplomatiyanın uğurunu təmin edən əsas şərtlərdən sayılır. Sülh sazişi imzalandıqdan sonra da xalq diplomatiyasına ehtiyac qalacaq. Çünki dövlətlər arasında sənəd imzalansa belə, cəmiyyətlərin barışması prosesi ayrı bir mərhələdir və bu prosesin əsas vasitələrindən biri xalq diplomatiyasıdır.

Xalq diplomatiyasını müxtəlif yollarla aparmaq mümkündür: media nümayəndələrinin görüşləri, QHT-lərin təmasları, siyasi partiya təmsilçilərinin dialoqları, ziyalıların forumları, virtual diskusiyalar, televiziya proqramları və sair. Burada yaradıcı yanaşma və təşəbbüslər də önəmlidir. Cəmiyyətlərin təmsilçiləri arasında mümkün qədər müxtəlif formalarda təmaslar təşkil edilməlidir. Bu işdə ilk növbədə Ermənistan maraqlı olmalıdır. Çünki əgər onlar Azərbaycanla sülh içində yaşamaq istəyirlərsə - baxmayaraq ki, Azərbaycan xalqına qarşı ağır cinayətlər törədiblər - diplomatiyanın bütün formalarının təşviqinə öncüllük etməlidirlər. Çünki Azərbaycan heç bir ölkəyə qarşı düşmənçilik siyasəti yürütmür və heç kimə qarşı ərazi iddiası yoxdur".

Müəllif: Ziya Hikmətoğlu
Избранный
8
1
sia.az

2Источники