RU

“Əmək bazarı üçün XXI əsr bacarıqları” – AzMİU-da tələbələr üçün təlim

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Əmək bazarı üçün XXI əsr bacarıqları” mövzusunda maarifləndirici təlim keçirilib.

AzMİU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, təlimdə tədris işləri üzrə prorektor professor Akif Qasımov tələbələrin və məzunların uğurlu karyera qurması üçün universitetdə görülən işlərdən danışıb. Prorektor qeyd edib ki, müasir dövrdə universitetlərin tədris kefiyyətinin əsas göstəricilərindən biri də məzunların işlə təminat səviyyəsidir. Bu baxımdan AzMİU-nun ölkəmizin ali təhsil müəssisələri arasında ilk sıralarda olmasını vurğulayan Akif Qasımov sözügedən istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Daha sonra ICF standartlı karyera və inkişaf mentoru, TOT sertifikatlı təlimçi İlkanə Əmirova iştirakçılara qlobal əmək bazarında baş verən dəyişikliklər, insan kapitalının formalaşması, süni intellekt və rəqəmsal transformasiyanın iş mühitinə təsiri, eləcə də müasir karyera planlaşdırılması ilə bağlı aktual istiqamətlər, dəyişən meyillər barədə məlumat verib.

Təlimdə tələbələrlə əmək bazarında yüksək tələbat olan bacarıqlar, düzgün karyera seçimi, bacarıq boşluğunun müəyyənləşdirilməsi, bacarıqların artırılması və yenidən ixtisaslaşma strategiyaları üzrə praktik istiqamətlər üzrə söhbət aparılıb.

Proqram, həmçinin tələbələrin peşəkar əlaqəqurma bacarığının inkişaf etdirilməsi, işgüzar münasibətlərin genişləndirilməsi və real əmək bazarı tələblərini daha dərindən anlamaq məqsədilə nəzəri və tətbiqi yanaşmalarla zəngin olub.

Qeyd edək ki, təlim AzMİU-nun tələbələrin peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən strateji fəaliyyət planı çərçivəsində həyata keçirilib. Tələbələrin peşə hazırlığının möhkəmləndirilməsi və onların müasir əmək bazarının çağırışlarına uyğun bacarıqlar qazanması AzMİU-nun prioritet istiqamətlərindəndir. Bu kimi təlimlərin mütəmadi təşkili universitetin tələbələrin karyera perspektivlərini genişləndirməyə verdiyi xüsusi diqqətin göstəricisidir.

Избранный
18
2
tehsil.biz

3Источники