RU

Bilik yarışına şagirdlərdən rekord maraq - ölkə üzrə minlərlə iştirakçı

Azərbaycanda məktəb yaşlı uşaqlar arasında rəqəmsal bacarıqların inkişafı məqsədilə təşkil olunan məktəblərarası mini hakaton yarışına böyük maraq göstərilib. Layihə çərçivəsində 350 minə yaxın şagird qeydiyyatdan keçərək seçim mərhələsində iştirak edib.

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilüfər Rəhimova bildirib.

Onun sözlərinə görə, hakatonun birinci mərhələsini 16 mindən çox, ikinci mərhələsini isə 1600-dən artıq şagird uğurla keçib. Finalda isə 300 finalçı və 70 komanda qalibiyyət uğrunda mübarizə aparıb:

“Bu il ilk dəfə olaraq ölkənin müxtəlif bölgələrində hakaton mərkəzləri yaradılıb. Ümumilikdə 147 mərkəz şagirdlərin bərabər şəraitdə iştirakını təmin etmək və texniki imkanlardan asılılığı azaltmaq məqsədilə fəaliyyət göstərib. Həmçinin ölkənin bütün iqtisadi rayonları üzrə yüksək iştirak göstəriciləri qeydə alınıb”.

N. Rəhimova bildirib ki, hakaton respublika üzrə geniş əhatə dairəsinə malikdir. Mərhələlərin hər birində yüksək iştirak faizi qeydə alınıb ki, bu da layihənin miqyasını və şagirdlərin artan marağını əks etdirir:

“Bu il hakatonun ilkin mərhələsi ilk dəfə olaraq mərkəzləşdirilmiş imtahan formatında keçirilib. Yeni mexanizm qiymətləndirmədə standartlaşdırmanı təmin etməklə nəticələrin obyektivliyinə şərait yaradıb. Bu format isə gələcəkdə müsabiqələrin idarə olunması və qiymətləndirilməsi baxımından metodik yeniliklər üçün mühüm imkanlar açır”.

Aytac Şirinzadə

Избранный
5
azedu.az

1Источники