RU

Musiqi, rəsm və idman müəllimlərini sertifikasiyada nə gözləyir? - Praktiki bacarıqlar...

Gələn il tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə kimi fənlər üzrə sertifikasiya imtahanlarının keçirilməsi nəzərdə tutulur. Bu istiqamətlərin böyük hissəsinin praktiki yönümlü olması təhsil sistemində yeni çağırışlar yaradır. Mövcud qiymətləndirmə mexanizmləri uzun illər əsasən nəzəri biliklərin ölçülməsinə fokuslansa da, artıq pedaqoji fəaliyyətin real bacarıqlarla qiymətləndirilməsi zərurəti daha qabarıq şəkildə ortaya çıxır.

Maraqlıdır, 2026-cı ildə sertifikasiyada hansı yeniliklər olmalıdır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova bildirib ki, uzun illər müəllimlərin daha çox nəzəri bilikləri ölçülürdüsə, indi real pedaqoji bacarıqların qiymətləndirilməsi zərurəti açıq görünür:

"İlk sertifikasiya imtahanları üçün test formatının seçilməsi və bilik yönümlü qiymətləndirmənin əsas götürülməsi tamamilə məntiqli idi. Sistemin ilk məqsədi müəllimin öz fənni üzrə fundamental nəzəri biliyinin olub-olmadığını müəyyənləşdirmək idi. Bu mərhələ zəruri idi və mən bunu çox normal qarşılayıram.

Amma prosesin məntiqi inkişafı göstərir ki, növbəti, yəni ikinci sertifikasiya mərhələsində dəyişikliklər qaçılmazdır. Çünki birinci mərhələ bilik yoxlaması idisə, növbəti mərhələ artıq bacarıqların dərinliyini və tətbiqini ölçməlidir. Beynəlxalq təcrübədə Finlandiya, Estoniya, Sinqapur kimi ölkələrdə müəllimlər ilk olaraq nəzəri biliyini təsdiqləyir, daha sonra isə praktik fəaliyyət, dərs metodikası və şagirdlərlə iş bacarığı kimi komponentlərlə qiymətləndirilir. Bizdə də bu təbii inkişaf xətti yavaş-yavaş formalaşır.

Bu baxımdan, 2026-cı ildən etibarən sertifikasiyada fənnin təbiətinə uyğun praktiki mərhələlərə keçid çox vacib olacaq. Musiqidə icra, təsviri incəsənətdə yaradıcılıq prosesi, fiziki tərbiyədə məşq metodu, tarixdə mənbə analizi, texnologiyada layihə hazırlamaq kimi real nümayişlər qiymətləndirməyə daxil edilməlidir. Dünyada geniş istifadə olunan “micro-teaching”, yəni qısa nümunə dərs təqdimatı müəllimin real ustalığını göstərən ən ədalətli modellərdən biridir və bizdə də tətbiqi mümkündür".

Sertifikasiyanın yalnız bir imtahan günü ilə məhdudlaşmaması, əksinə, inkişaf mərhələsinə çevrilməsi də mühümdür:

"Bir çox ölkələrdə müəllimlər sertifikasiya öncəsi qısa təlimlərdən, mentorluqdan və özünütəkmilləşdirmə paketlərindən keçir. Bu, müəllimi sanksiya altına salmaq üçün deyil, dəstək olmaq üçündür. Eyni zamanda müəllimin portfoliolarının, dərs nümunələrinin, şagird işlərinin, layihələrinin və tətbiq etdiyi metodikaların qiymətləndirməyə daxil edilməsi obyektivliyi artır.

Bütün bu yanaşmaların məqsədi müəllimi qorxu altına almaq yox, inkişaf etdirən, şəffaf və dəqiq sistem yaratmaqdır. Sertifikasiyanın ilk mərhələsi bilik yoxlaması idisə, növbəti mərhələlərdə artıq real pedaqoji ustalığın qiymətləndirilməsi təbii və vacib addımdır. 2026-cı ildən gözlənilən ən böyük yenilik də məhz budur: nəzəri biliyi yoxlayan mexanizmdən real bacarıqları üzə çıxaran, müəllimin gündəlik tədris fəaliyyətinə əsaslanan obyektiv qiymətləndirmə modelinə keçid".

Избранный
22
azedu.az

1Источники