Bakı, 1 dekabr, AZƏRTAC
Əgər dünyada olan QİÇS statistikasına baxsaq, ən çətin vəziyyət Afrika ölkələrindədir. Rəqəmləri qonşu ölkələr, regional ölkələrlə müqayisə etsək, ölkəmizdə epidemioloji vəziyyət xeyli yaxşıdır.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib. N.Zeynalov bildirib ki, ölkəmizdə həm QİÇS-in aşkarlanma səviyyəsi, həm də aşkarlanmış şəxslərin müalicəyə cəlb olunması, onlarda virus yükünün azaldılması ilə bağlı olan göstəricilər kifayət qədər yaxşıdır. Bu, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən tanınan faktdır.
"Bununla belə bu, bizi arxayın etməməlidir. Viruslar, mikrob və infeksion xəstəliklər sərhəd tanımır. Həmin xəstəliklə bağlı tibbi məsələlər həll olunsa da, sosial məsələlər hələ də qalır. Sosial məsələlər stiqma və diskriminasiyadır. Dünyada elə ölkə yoxdur ki, İİV-li insanlar bu iki problemlə qarşılaşmasınlar. Bu, həmin insanların həm adi həyatına, həm iş fəaliyyətinə, həm də sosial aktivliyinə mənfi təsir göstərir. Burada maarifləndirmə və məlumatlandırma çox böyük rol oynayır. Heç şübhə etmirəm ki, gələcəkdə QİÇS xəstəliyi nə zamansa qurtaracaq. Elm çox sürətlə inkişaf edir. Nə zamansa bu xəstəliyin effektiv sağalma ilə nəticələnən müalicə üsulu və ya peyvəndi tapılacaq və ya hansısa yolla infeksiyanın ötürülmə yolları qırılacaq. Lakin hələlik biz bunu görmürük", - deyə N.Zeynalov qeyd edib.