Tarixi unutmamaqla onu kor-koranə qorumaq arasında ciddi fərq mövcuddur. Bunun bariz nümunələrindən biri Bakının mərkəzində, Həzi Aslanov küçəsi 88a ünvanında yerləşən sovet dövrünə aid xatirə lövhəsidir. İlk baxışda sadə tarixi işarə təsiri bağışlayan bu lövhə, əslində, sovet işğalına aparan siyasi proseslərin simvoludur. Lövhənin göstərdiyi 1919-cu il gizli bolşevik iclası Azərbaycanın sovetləşdirilməsi planlarının əsas mərhələsi, 1920-ci il işğalının isə ideoloji-hərbi başlanğıcı idi. Həzi Aslanov küçəsi 88a ünvanında yerləşən “Burada 1919-cu ilin mayında Qafqaz Ölkə komitəsinin gizli iclası olmuşdur” yazılmış lövhənin hazırda da saxlanılması nəyə və ya kimə xidmət edir? Bu xatırlatdığımız iki lövhədən savayı paytaxtda Sovet dövrünü xatırladan və hər gün təsadüf etdiyimiz, lakin diqqət etmədiyimiz başqa lövhələr də var və onların zamanla Azərbaycandan təmizlənməsi faydalı olacaqdır.
Muzeylər tarix obyektlərini neytral tədris materialı kimi təqdim edir. Sovet ideologiyasına xidmət edən lövhə isə siyasi təbliğat məqsədilə hazırlanmış bir obyektdir. Onu muzeyə yerləşdirməklə, obyekt öz ideoloji mahiyyətini qismən itirmiş kimi görünür — halbuki bu obyekt öz dövründə repressiyalarla müşayiət olunan bir ideologiyanın simvoludur. Toz-torpaq içində saxlanılan və ya yalnız “sovet lövhəsi” kimi nümayiş etdirilən eksponat tarixi izah etmir, sadəcə onu qoruyur. Muzeyə gətirməklə obyekt “mədəni irs” statusu qazanır. Tarix elmi və mədəni irs araşdırmalarında bir obyektin muzeyə daxil edilməsi onun müəyyən dərəcədə “qorunmağa dəyər irs” kimi qəbul edilməsi deməkdir. Sovet işğalının təşkili ilə bağlı məkanları və simvolları “irsi obyekt” kimi təsnifləşdirmək: Azərbaycan dövlətçiliyi tarixinin məntiqi ilə ziddiyyət təşkil edir, sovet işğalının legitimliyinə dolayı yolla işarə edir, “məşhur fakt”, “dəyərli xatirə” fikrini yaradır. Halbuki bu obyektlər mədəni irs deyil, ideoloji qalıqlardır. Obyektin muzeyə daşınması yox, onun kontekstual tənqidi təqdimatı vacibdir. Bu cür abidələr yalnız həmin ideologiyanın zərərini, Azərbaycanın itirdiklərini, siyasi mexanizmləri, sovetləşmənin metodlarını izah edən ekspozisiyada yer ala bilər. Sadəcə muzeyə köçürmək kifayət deyil — onu tənqidi tarix konsepsiyası çərçivəsində şərh etmək lazımdır. Əks halda obyekt yenidən “sovet keçmişi”nə xidmət edə bilər. İctimai məkandan sovet ideoloji simvollarının çıxarılması dövlətçilik prinsipinin tələbidir.
- Sovet dövrünə aid hansı abidələrin saxlanılacağını, hansılarının isə söküləcəyini müəyyənləşdirən meyarlar necə olmalıdır ki, həm tarixi həqiqət qorunsun, həm də müstəqil Azərbaycanın prinsiplərinə zidd olmasın? Birincisi, ideoloji–təbliğat məqsədli abidələr (bolşevik liderləri, sovet partiya orqanları, XDİK, repressiya strukturlarının “qəhrəmanlaşdırılması”, sovet hərbi işğalını təbliğ edən simvollar) mütləq sökülməlidir. Məsələn, bugün Ayna Sultanovanın abidəsi və adına parkın qorunub saxlanılmasına gərək yoxdur. Onun əvəzinə ilk parlamentimizə sədrlik etmiş Əlimərdan bəy Topçubaşov parkı salmaq olar və həmin parkda da ona abidə qoymaq olar. Hər bir abidə ictimai şüura mesaj verən ideoloji mətndir. Müstəqilliyin itirilməsini simvolizə edən obyektlər dövlətçilik şüurunu zədələdiyən görə ictimai məkanda saxlanıla bilməz. Dönəmin sosial və mədəni həyatını göstərən, lakin siyasi məna daşımayan obyektlər qoruna bilər, çünki siyasi yox, sosial tarix dəyəri var.