Türkiyənin Muğla şəhərinin Marmaris rayonunda yaşayan 47 yaşlı Mehmet Övet Türkiyənin ən şanssız adamı seçilib.
Ölkə.Az İHA-ya istinadla xəbər verir ki, Övet 7 dəfə infarkt keçirib, 3 dəfə başı üstə çaxılıb, 2 dəfə elektrik cərəyanı vurub, 15 güllə yarası alıb, motosikletində dərəyə uçub, avtoqəza nəticəsində 142 gün reanimasiyada qalıb.
İki qız atası olan Övet deyir ki, ilk dəfə 7 yaşında olanda ölümlə üz-üzə gəlib:
“Biz əvvəllər Rodosdan gələn gəmilərin altında suya girirdik. 9 metr dərinlikdə qayığın üzgəclərinə yapışmış midiya qabıqları bədənimin müxtəlif yerlərini kəsib və ürəyim dayanıb. Yerli sakinlər məni xilas etdilər və oradakı həkim ürəyimi yenidən işə saldı. Bu şokla dərhal oradan qaçdım”.
Yenə eyni yaşlarda Övet ailəsi ilə yaşadığı evin 7 metr hündürlüyündəki terrasında oynayarkən tarazlığını itirərək başı üstə yıxılıb. O, dörd gün sonra xəstəxananın reanimasiya şöbəsində gözlərini açdığını bildirib.
İbtidai məktəbdən sonra təhsilini yarımçıq qoyub elektrik şirkətində işləməyə başladığını deyən Mehmet Övet 1991-ci ildə lifti təmir etməyə çalışarkən onu elektrik cərəyanı vurub. Tez bir zamanda torpağa basdırılsa da, o, həyati funksiyalarını itirib. Buna baxamayaraq həkimlər Övetin ürəyini yenidən işə salmağı bacarıb.
"Onlar mənim öldüyümü düşünürdülər, amma mən hərəkət etməyə başlayanda hamısı qorxdu və qaçdı", - deyə o gülərək söyləyib.
Sağaldıqdan sonra Övet elektronika sənayesi üzrə təlim keçib. Daha sonra o, bir binada peyk antenasını quraşdırmağa çalışarkən tarazlığını itirib və 9 metr hündürlükdən beton döşəməyə üzü üstə yıxılıb. Müalicədən sonra Övet işə qayıdıb. On bir ay sonra Kordon küçəsindəki başqa binada peyk antenası quraşdırarkən çürümüş məhəccər çöküb və üçmərtəbəli binadan başı aşağı əvvəlcə alt mərtəbədəki iş yerinin tentinə, sonra isə səkiyə çırpılıb.
Sınıqlarının sağalmasından sonra Övet yenidən işinə qayıdıb. İki il sonra elektron cihazı yoxlayarkən şanssız adamı yenidən elektrik cərəyanı vurub. O, işçilərinin köməyi ilə xilas edilib.
Çoxsaylı yol-nəqliyyat və iş yerində baş verən qəzalardan sonra Mehmet Övet 2008-ci ildə nahar sifariş etdiyi restoranda aşpaz tərəfindən ov tüfəngi ilə vurulub. 15 güllə dəyən Övetin həyati funksiyaları bərpa olunub və 60 gün özəl xəstəxanada reanimasiyada yatıb. Əməliyyatlar zamanı bədənindən 10 güllə çıxarılıb, lakin o, ömrünün sonuna qədər qasığında qalan beş güllə ilə yaşamalı olacağını bildirib.
Mehmet Övet 2014-cü ildə işdən evə qayıdarkən saatda 110 km sürətlə hərəkət edən lüks mikroavtobus onun motosikletini vurub və o, nəqliyyat vasitəsinin altında qalıb. Ağciyər zədəsi alan, bədəninin müxtəlif yerlərində sınıqlar, beyin ödemi keçirən, bağırsaqları əməliyyatla çıxarılan və həyati funksiyalarını itirən bədbəxt adamı həkimlər növbəti dəfə həyata qaytarmağa nail olub. Reanimasiya şöbəsində 78 gün qaldıqdan sonra 7-ci dəfə gözlərini açan Övetə "79% əlillik" sənədi verilib və təqaüdə çıxıb.
Həm işini, həm də sağlamlığını itiren kişi mağazasını bağlayaraq sahildə qarğıdalı satmağa başlayıb. O növbəti dəfə motosikleti ilə qəza keçirdiyini, daha sonra isə onu motosiklet vurduğunu və qoluna 8 tikiş atıldığını bildirib.
M.Övet deyir ki, yaxınları onunla “bu neçənci qəzdır, hələ ölməmisən?!” deyərək zarafat edirlər. Başına gələnlərə baxmayaraq o bəxtsizliyini “şans” kimi qiymətləndirir.
Billurə Yunus

