Məlum olduğu kimi, son illər Xəzər dənizində suyun azalması Lənkəran rayonunda da yeni quru sahələrin yaranmasına səbəb olub.
Belə ki, dənizin səviyyəsinin enməsi nəticəsində sahilboyu ərazilərdə əvvəlcə qayalıq kimi görünən çıxıntıların əslində nəhəng ağac kökləri olduğu müəyyən edilib. Bu, bölgədə yağıntıların azalması, buxarlanmanın artması və çay axınlarının zəifləməsi ilə əlaqələndirilir.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Əmir Əliyev bildirib ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsinin əsas səbəbləri üç amillə bağlıdır:
“Birincisi iqlim faktorudur ki, bu da ümumi təsirin təxminən 85 faizini təşkil edir. İkinci səbəb antropogen faktorlardır, bu təsirin payı 10 faizdir. Üçüncü amil isə tektonik proseslərlə bağlıdır və 5 faiz təşkil edir. Bu amillərin hamısı birlikdə Xəzər dənizinin səviyyəsinin dəyişməsinə gətirib çıxarır. Nəticədə dənizdə suyun miqdarı və su balansı dəyişir.
Su balansı dedikdə Xəzərə daxil olan və Xəzərdən çıxan sular nəzərdə tutulur. Gələn suların əsas hissəsini, yəni təxminən 80 faizini çay suları təşkil edir. Burada da aparıcı rolu Volqa çayı oynayır. Gedən sular isə əsasən buxarlanma hesabına formalaşır ki, bu da məxaric sayılır. Gələn suların çox kiçik bir hissəsi dənizə tökülən digər kiçik çaylar və təxminən 1 faiz təşkil edən yeraltı sulardır”.
Onun sözlərinə görə, son dövrlər iqlim faktorlarının dəyişməsi Xəzərin səviyyəsinin mütəmadi olaraq aşağı düşməsinə səbəb olur:
“Tədqiqatlar göstərir ki, son 4000 ildə dənizin səviyyəsində periodik qalxmalar və enmələr var. Bu qalxmalar və enmələrin periodu təxminən 500 ildir. Belə ki, 250 il ərzində səviyyə qalxır, növbəti 250 ildə isə enir. Xəzər qapalı su hövzəsi olduğu üçün bu proseslər təbiidir və həmişə müşahidə edilir. 10 min illik geoloji dövrdə də bu cür dəyişmələr qeydə alınıb.
Son dövrdə, yəni 1805-ci ildə Xəzərin səviyyəsi yüksək olub. Həmin dövrdən başlayaraq səviyyə tədricən aşağı düşməyə başlayıb. 1837-ci ildən bu günə qədər aparılan müşahidələrdə periodik şəkildə qalxıb-enmələr qeydə alınıb.
Son 200 ildə, 1830-cu ildən başlayaraq səviyyənin üç kəskin dəyişməsi baş verib. 1930–1978-ci illər arasında səviyyə 3,2 metr aşağı düşüb. 1978–1995-ci illər arasında səviyyə 2,5 metr yüksəlib. 1996-cı ildən bu günə qədər isə səviyyə yenə 2,1 metr azalıb”.
Elmlər doktoru qeyd edib ki, 1805-ci ildən başlayan bu enmə dövrü 2040–2050-ci illərdə bitməlidir:
“Bu müddətdə səviyyənin indiki göstəricidən əlavə 1-1,5 metr aşağı düşəcəyi proqnozlaşdırılır. Daha sonra yeni dövr başlayacaq və səviyyənin yenidən artması gözlənilir. Qeyd edim ki, 1977-ci ildə Xəzərin səviyyəsi təxminən bugünkü kimi olub. Bu dəyişikliklər Atlantik okeanı üzərində formalaşan siklon və antisiklonların trayektoriyalarının dəyişməsi ilə bağlıdır.
Son 20-30 ildə bu siklonların istiqamətlərində dəyişiklik baş verdiyindən, Xəzər hövzəsinə düşən yağıntıların miqdarı azalıb. Bu proses Avropanın bir çox bölgələrində, o cümlədən Şimali Avropada və Alp dağlarında qar örtüyünün azalmasında da özünü göstərib”.
Əmir Əliyev vurğulayıb ki, burada antropogen təsirlər də müəyyən rol oynayıb:
“Xüsusilə Volqa çayının suyundan son 20 ildə geniş istifadə edilməsi, məsələn, suvarma, içməli su götürülməsi, çoxsaylı su anbarları və elektrik stansiyalarının tikilməsi Xəzərə daxil olan suyun azalmasına səbəb olub. Bu da səviyyə dəyişikliklərinə təsir göstərən əsas amillərdən biridir.
Gələcəyə proqnoz vermək məsələsinə gəlincə isə hava şəraiti uzunmüddətli olaraq yüksək dəqiqliklə proqnozlaşdırıla bilmir. Lakin tarixi məlumatlara əsaslanaraq demək olar ki, bu proseslər təbiidir və gələcəkdə də dövri şəkildə davam edəcək”.
O əlavə edib ki, suyun geri çəkilməsi Xəzər dənizinin problemi deyil, onun ətrafında yaşayan ölkələrin və insanların problemidir:
“Su geri çəkildikcə, boşalan ərazilərdə insanlar yaşayış evləri tikirlər və gələcəkdə səviyyə qalxmaları zamanı insanlar ciddi itkilərlə üzləşirlər”.