“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında Azərbaycanda qeyri-rəsmi məşğulluq, günəmuzd işlər və gizli istismar riskləri ilə bağlı mövqeyini açıqlayıb.
Zülfiyyə Nuriyeva bildirib ki, hazırda ölkədə “qara bazar” kimi tanınan vətəndaşların günəmuzd işlərə çıxış imkanı geniş yayılıb, xüsusilə tikinti və kənd təsərrüfatı sahələrində bu hallar daha çox müşahidə olunur:
"Bu işlərin heç birində sığorta və təhlükəsizlik təminatı olmur. İşçi cəmi bir neçə saat işlədiyi müddətdə baş verə biləcək risklərə qarşı tam müdafiəsiz qalır. Bu səbəbdən QHT-lər maarifləndirici fəaliyyət apararaq insanlara izah edirlər ki, qanunsuz, müqaviləsiz işlədikdə dövlət və hüquq-mühafizə orqanları onları müdafiə edə bilmir. Çünki onlar könüllü şəkildə müqaviləsiz işləməyə razılıq verərək öz hüquqlarından imtina etmiş olurlar. Halbuki insanın azadlığı və sağlamlığı hər şeydən önəmlidir və günəmuzd işlərdə belə yazılı xidmət müqaviləsinin bağlanması zəruridir".
QHT sədri həmçinin bildirib ki, təşkilat kənd təsərrüfatı mövzusu üzrə təlimlər, layihələr və forumlar keçirərkən bu məsələlərə toxunur, lakin bu hələ də kifayət deyil:
"Günəmuzd işləyən şəxslər və sahibkarlar öz məsuliyyətlərini anlamalıdırlar. Bu məsələ hər bir tərəfə - həm işçi olmaq istəyən insanlara, həm də sahibkarlara aiddir. Ümid edək ki, rəsmən qul əməyinə son qoyulsa da, gizli istismar və məcburi əməyə cəlb etmə hallarının qarşısı tam şəkildə alınacaq. Bunun üçün xüsusilə tikinti və kənd təsərrüfatı kimi ağır sahələrdə maarifləndirmə və təbliğat işi davamlı olmalıdır. Hər iki tərəf – həm işçilər, həm də işəgötürənlər bu prosesin bir hissəsi olmalı və əmək münasibətlərinin qanuni əsaslarla tənzimlənməsinə səy göstərməlidirlər".
Pərvanə Fərhadqızı