BAKI, 3 dekabr. TELEQRAF
ABŞ Konqresində Ohayo ştatından respublikaçı senator Bernie Moreno ikili vətəndaşlığın qadağan edilməsini nəzərdə tutan qanun layihəsi irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə "Newsweek" yazır.
Məlumata görə, bu dəyişiklik ABŞ-nin birinci xanımı Melania Tramp və oğlu Barron Tramp üçün də hüquqi nəticələr yarada bilər.
“Exclusive Citizenship Act of 2025” adlı qanun layihəsinə əsasən, ABŞ vətəndaşları yalnız ABŞ vətəndaşı ola bilərlər və paralel olaraq başqa ölkənin vətəndaşlığını daşıya bilməyəcəklər. Layihə qəbul edilərsə, ikili vətəndaşlığı olan şəxslərə ya 1 il ərzində xarici vətəndaşlıqdan imtina etmək, ya da ABŞ vətəndaşlığından könüllü çıxmaq tələbi qoyulacaq.
Tələblərə əməl etməyənlər ABŞ vətəndaşlığını avtomatik itirmiş sayılacaq.
Məlumata görə, Melania Tramp 2006-cı ildə ABŞ vətəndaşlığı alsa da, Sloveniya vətəndaşlığını da saxlayır. Oğlu Barronun da həm ABŞ, həm də Sloveniya vətəndaşlığı var.
Ekspertlər bildirir ki, bu təşəbbüs ABŞ Konstitusiyasının 14-cü düzəlişi ilə ziddiyyət təşkil edə, məhkəmələrdə geniş hüquqi mübahisələrə səbəb ola bilər..
Qanun layihəsi hazırda Senatın komitə mərhələsinə göndərilib. Onun qəbul ediləcəyi hələ ki, qeyri-müəyyəndir.