RU

Sosial və siyasi elmlər müasir çağırışlar qarşısında: beyin mərkəzlərinin, akademik elmin və universitetlərin vəzifələri müzakirə edilib - FOTOLAR

Sosial Tədqiqatlar Mərkəzində Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışına həsr olunmuş “Sosial və siyasi elmlər müasir çağırışlar qarşısında: beyin mərkəzləri, akademik elm və universitetlərin vəzifələri” mövzusunda dəyirmi masa keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə sosial və siyasi elmlərin müasir dövrdə qarşısında dayanan əsas çağırışlar, elmi tədqiqatların dövlət siyasəti ilə uzlaşdırılması, elmin strateji qərarların formalaşmasında rolu və akademik mühitin qlobal proseslər fonunda məsuliyyəti geniş şəkildə müzakirə olunub.

Dəyirmi masanı giriş sözü ilə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc açıb. O bildirib ki, Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün parlaq səlnaməsini, Zəfər  ruhunu alimlərimizlə bölüşmək, qalibiyyətimizi gələcək elmi hədəflərimizə yönəltmək məqsədinə xidmət edirdi.

Dövlət başçısı savaşı elmlə qazandığımızı bir daha dünyaya bəyan etdi. Həqiqətən, 90-cı illərdə məğlubiyyətimizin səbəblərindən biri də bütün sahələrdəki kimi alimlərimizin də  Ermənistanla müharibədə hazırlıqsız yaxalanmaları oldu. Onlar vahid qüvvəyə çevrilə bilməmişdi. Elmi səfərbərlik yalnız Ulu öndərin hakimiyyətə qayıdışı ilə başlandı.

Heydər Əliyevin sovet dövründə Azərbaycan elminin formalaşması və inkişafındakı milsilsiz rolu onu təkrar hakimiyyətə gətirən qanunauyğunluq və sonrakı uğurların əsasını təşkil etdi.  1993-cü il sentyabrın 21-də Akademiyaya gələn lider ölkəmizin xaosdan çıxarılmasında bir zamanlar yetişdirdiyi alimlərə güvəndiyini göstərdi.

Ulu öndər elmi müstəqil dövlət quruculuğunun tükənməz sərvəti, milli mədəniyyətin və intellektual kimliyin özülü, iqtisadi, texnoloji və siyasi  suverenliyin qarantı, düşmənlə savaşda güclü ordu sayırdı.

İndi suverenliyimiz şanlı ordumuzdan milli universitet və tədqiqat institutlarının, elm adamlarının üzərinə qoyulur.

Şərəfli missiyadır.

44 günlük Elmi Zəfər savaşlarının da rəhbəri Ali Baş Komandanımızdır.

Tədbirin digər iştirakçıları qeyd ediblər ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycan dilinin qorunmasının vacibliyi xüsusi vurğulanıb. Dövlət başçısı qeyd edib ki, dilimizin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının vəzifəsidir. Dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər və siyasətlə məşğul olan şəxslər bu məsələyə ciddi yanaşmalıdırlar. Prezident xatırladıb ki, bu məsələni on il əvvəl də qaldırmışdır və lazımi tədbirlər görülmüşdür. O əlavə edib ki, Azərbaycan dilinin qorunmaması milli kimliyin zəifləməsinə səbəb ola bilər.

Dövlət başçısı tarixi və mədəni irsimizə diqqət çəkib. O bildirib ki, Azərbaycan xalqının əsrlər boyu yaşadığı coğrafiyada milli dəyərlərini qoruması dilimiz sayəsində mümkün olmuşdur. Prezident qeyd edib ki, bəzi hallarda dilimizə xarici müdaxilələr edilir və buna heç bir əsas yoxdur. O əlavə edib ki, alimlər bu məsələdə dəstək göstərməli və gələcək nəsillərə örnək olmalıdır.

Tədbirdə AMEA-nın 80 illik fəaliyyəti də qiymətləndirilib. Qeyd olunub ki, Akademiya Azərbaycanın elmi inkişafında aparıcı rol oynayıb. Ulu öndər Heydər Əliyev alimləri həmişə dəstəkləyib, Akademiyanın fəaliyyətini təkmilləşdirmiş və yeni elmi-tədqiqat institutları yaratmışdır. Dövlət başçısı öz çıxışında qeyd edib ki, bu gün əldə olunan elmi potensialın təməli həmin dövrdə qoyulub.

Prezident İlham Əliyev süni intellektin, kibertəhlükəsizliyin, sənaye və hərbi sənayenin inkişafının vacibliyini vurğulayıb. O qeyd edib ki, süni intellekt artıq ölkələrin gələcək inkişafının ayrılmaz hissəsinə çevrilib. Azərbaycan alimləri bu sahədə fəal olmalı və geridə qalmamalıdırlar. Dövlət başçısı bərpa olunan enerji və geoloji kəşfiyyatın da önəmini qeyd edib, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan işlərə diqqət çəkib.

Prezident çıxışında Azərbaycan tarixinin tədqiqi və təbliğini xüsusi vurğulayıb. O bildirib ki, gənclərimiz xalqımızın zəngin tarixini bilməli və qlobal səviyyədə yaymalıdırlar. Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqının dövlətçilik tarixinin öyrənilməsi və təbliği elmi əsaslarla aparılmalıdır. O əlavə edib ki, tariximizi təhrif edən saxtalaşdırmalara qarşı elmi mübarizə aparmaq alimlərin və ictimai təşkilatların əsas vəzifələrindən biridir.

Toponimlərin qorunması məsələsi də müzakirə edilib. Prezident bildirib ki, Qərbi Azərbaycanda toponimlərin böyük əksəriyyəti Azərbaycan mənşəlidir. Dövlət başçısı xatırladıb ki, bu məsələlər çar Rusiyası dövründə də tarixi sənədlərdə öz əksini tapıb. O əlavə edib ki, bu sahədə fundamental elmi tədqiqatlar, kitablar və bukletlər hazırlanmalıdır ki, həm gənclərimiz, həm də dünya ictimaiyyəti həqiqəti bilsin.

Tədbirdə həmçinin Prezident İlham Əliyevin postmüharibə dövründə texnoloji inkişafın vacibliyini vurğulaması da geniş müzakirə olunub. Dövlət başçısı qeyd edib ki, müasir elmin iqtisadiyyatın, sənayenin və dövlətin strateji inkişafının təməlini təşkil etdiyini vurğulayıb. O əlavə edib ki, elmi nəticələrin real sektora inteqrasiyası milli inkişafın əsas göstəricilərindən biridir.

Tədbirdə iştirakçılar qeyd ediblər ki, Prezidentin müəyyən etdiyi strateji istiqamətlər Azərbaycanın elmi potensialını gücləndirir. Bu istiqamətlər gənc tədqiqatçılar, universitet professorları və akademiklərin fəaliyyətində əsas prioritet olmalıdır.

Tədbirin sonunda vurğulanıb ki, elmi fəaliyyət gənc tədqiqatçılar üçün həm bilik mənbəyi, həm də milli inkişafın aparıcı dayağıdır. Eyni zamanda vurğulanıb ki, Prezident İlham Əliyevin elm adamlarına ünvanlanan çıxışı bütün tədqiqatçılar üçün daim istinad nöqtəsi olmalıdır.

Избранный
7
qht.az

1Источники