RU

Ekspert: 2026-cı ilin büdcəsi neft asılılığını azaltmağa yönəlib

Bakı, 3 dekabr, AZƏRTAC

2026-cı ilin dövlət büdcəsinin gəlirləri təxminən 38,6 milyard manat proqnozlaşdırılıb. Xərcləri isə 41,7 milyard manat səviyyəsində nəzərdə tutulub. Büdcə kəsiri isə təxminən 3 milyard manat proqnozlaşdırılıb.

Bundan əlavə, 2026-cı il üçün planlaşdırılan daxili dövlət borclanma limiti də göstərilib. Daxili borclanma 2 milyard manat, xarici borc limiti isə 6 milyard manat göstərib. Gələn ilin büdcəsində ən böyük xərclər müdafiə - təxminən 21 faiz, iqtisadi fəaliyyət 18-19 faiz, sosial müdafiə və sosial təminat 11-12 faiz, təhsil 12 faiz və ümumi dövlət xidmətləri 14 faiz kimi istiqamətlərində nəzərdə tutulub. 2026-cı ilin büdcəsi bu ilin büdcəsindən daha da sosialyönümlü olacaq.

Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Samir Heydərov bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə müdafiə və təhlükəsizlik xərcləri 2025-ci ilə nisbətən artırılıb.

“Gələn il üçün müdafiə və milli təhlükəsizlik xərclərinə nəzərdə tutulan məbləğ 8,7 milyard manatdır. Yəni 2025-ci ilə nisbətən təxminən 1,9 faizlik artım var. 2026-cı ildə iqtisadi fəaliyyətə təxminən 7,6 milyard manat vəsait ayrılıb. Bu qrupda investisiya, infrastruktur, digər iqtisadi xərclər də var. Əsaslı vəsait qoyuluşu - yəni tikinti, yenidənqurma, uzunmüddətli infrastrukturun maliyyələşdirilməsi kimi investisiya xarakterli xərclər təxminən 3,8 milyard manatdır. 2026-cı ilin büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün 3,5 milyard manat ayrılacaq. Bu məbləğ dövlət büdcəsinin xərclərində təxminən 8,4 faiz pay təşkil edir. Bütövlükdə isə 2026-2029-cu illər ərzində bu istiqamətdə ayrılması planlaşdırılan məbləğ 13,5 milyard manatdır”, - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, 2026-cı il üçün proqnozlaşdırılan büdcə gəlirlərinin təxminən 42,6 faizinin neft və qaz sektorundan olması planlaşdırılır: “Eyni zamanda 57,4 faiz gəlirlərin qeyri-neft və qaz sektorundan olması gözlənilir. Həmçinin hökumət rəsmiləri bildirir ki, cari xərclərin 88,1 faizi gələn ildən qeyri-neft gəlirləri hesabına ödənəcək. Bu da neft asılılığının azaldılması istiqamətində atılan bir addımdır.

Bundan əlavə, Dövlət Neft Fondundan büdcəyə transfertlər azaldılacaq. 2025-ci ildə əgər transfert 14,4 milyard manat idisə, 2026-cı ildə bu məbləğ 12,8 milyard manat proqnozlaşdırılır. Bu, neft asılılığının azaldılması strategiyasının tərkib hissəsidir. 2026-cı ilin büdcəsi neft asılılığını azaltmağa, sosial və infrastruktur prioritetlərini saxlamağa yönəlib”.

 

 

Избранный
16
azertag.az

1Источники