RU

Azərbaycanda yaşlı əhalinin sayı niyə artıb? – Sosioloq elə səbəblər dedi ki…

Azərbaycanda yaşlı əhalinin sayı artmaqdadır. Bu barədə Səhiyyə Nazirliyinin “Bakı Şəhər Herontoloji Mərkəzi”nin direktoru vəzifəsini icra edən Nailə Əhmədova məlumat verib. Onun sözlərinə görə, son 10 ildə Bakı şəhərində yaşlıların sayı 8 faiz artıb:

“2015-ci ildə Bakı şəhərində 60 və yuxarı yaşda əhalinin sayı 10 faiz idisə, hazırda bu rəqəm 18 faizə qədər qalxıb. Ümumi Azərbaycanda isə bu say 15,5 faizdir. Halbuki, 2015-ci ildə 9 faiz idi”.

Bəs bu artımın səbəbi nədir? Nə ilə əlaqədardır?

Mövzu ilə bağlı NOCOMMENT.az -a danışan sosioloq Nail Cəlil bildirib ki, ümumiyyətlə, əhalinin yaşlanması, yaşlı əhalinin xüsusi çəkisinin dünya əhalisi ilə müqayisədə artması qlobal bir tendensiyadır:

“Azərbaycan da bu prosesdən kənarda deyil. Bu, həm ölkədə baş verən demoqrafik azalma, yəni dünyaya gələn uşaqların sayının azalması, qurulan ailələrin sayının əhəmiyyətli dərəcədə düşməsi və ümumi ailə böhranı ilə bağlı bir prosesdir. Bir tərəfdən bu, obyektiv amillərlə, digər tərəfdən isə subyektiv meyillərlə əlaqəlidir. Statistikaya baxanda görünür ki, təxminən 2015-ci illə müqayisədə son 10 ildə 8–9 faiz dəyişiklik var. Başqa sözlə desək, genetik-demoqrafik baxımdan 65 yaş və yuxarı əhalinin sayı 2 dəfəyə yaxın artıb”.

Sosioloq deyib ki, bu artımı şərtləndirən bir neçə vacib məqamı qeyd etmək lazımdır:

“Birincisi, dünyada müşahidə olunan qlobal proseslərin Azərbaycana təsiri qaçılmazdır. İkincisi, əgər biz bu tendensiyanın qarşısını almaq istəyiriksə, ailə institutunun möhkəmləndirilməsi, ailənin cəmiyyətdə yerinin gücləndirilməsi, gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və reproduktiv artımı stimullaşdıran sosial-demoqrafik siyasət hədəflərini seçməliyik. Bu halda artım müəyyən qədər yavaşıya və qismən geriyə dönüş əldə oluna bilər.

Əgər məqsədimiz bu tendensiyanı zəiflətməkdirsə, differensial sosial siyasət həyata keçirilməli və gənc ailələrin həm qurulması, həm də yeni nəslin dünyaya gəlməsi və övlad sayının artması təşviq olunmalıdır.

Çünki yeni nəslin artımı istər-istəməz əhalinin yaşlanması problemini aradan qaldıracaq əsas faktorlardan biridir. Bu istiqamətdə sosial siyasət hədəfləri düzgün müəyyənləşdirilməli və icra olunmalıdır”.

Избранный
70
nocomment.az

1Источники