“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş oyununda “İmişli” 1:2 hesabıyla məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Komandam yaxşı oyun nümayiş etdirdi. Birinci hissədəki oyunumuzdan çox razı qaldım. Topa nəzarət edirdik. Yüksək pressinqimiz öz nəticəsini verirdi. Sadəcə, əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. İkinci hissədə “Sabah” standart vəziyyəti yaxşı yerinə yetirdi və qol vurdu. Xarakterli komandayıq. Son dəqiqələrdə hesabı bərabərləşdirə bildik və oyunu əlavə vaxta apardıq. “Sabah” çox güclü komandadır, keyfiyyətli oyunçuları var. Fərdi ustalıq hesabına qol vurub önə keçdilər. Hər iki komanda növbəti mərhələyə layiq idi. Təəssüf ki, 1/4 finala bir komanda yüksəlir. “Sabah”ı təbrik edirəm.
“Sabah”a ardıcıl iki məğlubiyyət komandama mənfi təsir etməyəcək. Məğlubiyyətə baxmayaraq, yaxşı oyun göstərdik. İşimizi görməyə davam edəcəyik. İrəliyə baxmaq lazımdır.
Qış fasiləsində komandanı gücləndirmək istəyərik. Amma qışda yaxşı oyunçu tapmaq çətindir. “İmişli” “Qarabağ”, “Sabah” kimi böyük klub deyil. Fasilə dövründə Bakıda məşq edəcəyik”.
