RU

Ermənistanda avtoritarlaşma tendensiyası artıq açıq siyasi xəttə çevrilib - ŞƏRH

Bakı, 3 dekabr, Elmir Səftərov, AZƏRTAC

Son illər Ermənistanda insan hüquqlarının vəziyyəti kəskin şəkildə pisləşib və ölkədə avtoritar idarəçilik meylləri açıq şəkildə güclənib. Siyasi repressiyalar artıq epizodik deyil, sistemli xarakter alıb. Müxalif baxışlı şəxslərin həbsi və barələrində sifarişli cinayət işlərinin açılması adi praktikaya çevrilib. Dinc etiraz aksiyaları polis zorakılığı ilə dağıdılır, iştirakçılar inzibati və cinayət məsuliyyətinə cəlb olunur. Müxalifət partiyalarının fəaliyyəti müxtəlif inzibati mexanizmlərlə faktiki olaraq iflic vəziyyətinə salınıb. Bir sıra müxalif liderlər və fəallar həbsdədir, digərləri isə siyasi təzyiqlər səbəbindən ölkəni tərk etməyə məcbur qalıb. Saxlanılmalar zamanı hüquqi prosedurların kobud şəkildə pozulduğunu göstərən çoxsaylı faktlar mövcuddur. Məhkəmə sistemi icra hakimiyyətinin təsiri altındadır və müstəqil qərar qəbul etmək imkanlarını demək olar ki, itirib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, Ermənistanda hakimiyyət üçün “arzuolunmaz” sayılan fiqurlar barədə qərarların əvvəlcədən müəyyən edildiyi barədə cəmiyyətdə geniş fikir formalaşıb. Siyasi proseslərdə real rəqabət mühiti faktiki olaraq aradan qaldırılıb. Seçkilər əvvəlcədən müəyyən edilmiş ssenarilər üzrə keçirilir ki, bu da hakimiyyətin legitimliyinə dair sualları daha da artırır.

Media azadlığı sahəsində vəziyyət də eyni dərəcədə narahatlıq doğurur. Tənqidi mövqedə dayanan jurnalistlər davamlı olaraq hüquqi, iqtisadi və psixoloji təzyiqlərə məruz qalırlar. Reklam bazarı və maliyyə rıçaqları müstəqil medianın sıxışdırılması üçün əsas alətə çevrilib. Bir sıra media qurumları maliyyə çatışmazlığı və inzibati təzyiqlər səbəbindən fəaliyyətini dayandırmağa məcbur olub. Sosial şəbəkələrdə tənqidi mövqe sərgiləyən jurnalist və bloqerlər təqib hədəfinə çevrilib. Onların barəsində tez-tez böhtan, təhqir və ya dövlət təhlükəsizliyi ilə bağlı maddələr üzrə işlər açılır. Bu, ölkədə söz və ifadə azadlığının faktiki olaraq məhdudlaşdırıldığını göstərir. Hakimiyyətin informasiya axınını tam nəzarətdə saxlamaq cəhdi cəmiyyətdə qorxu və özünüsenzura mühitini daha da dərinləşdirir.

"Hakimiyyətin təzyiq siyasəti təkcə siyasi və media mühiti ilə məhdudlaşmır, dini institutlarla münasibətlərdə də gərginlik müşahidə olunur. Xüsusilə Erməni Apostol Kilsəsi ilə bağlı son dövrlərdə yaranan qarşıdurmalar diqqət çəkir. Rəsmi dairələr kilsənin siyasi proseslərə müdaxilə etdiyini və bəzi hallarda dövlət idarəçiliyinə təsir göstərməyə çalışdığını əsas gətirərək bu sahədə nəzarətin gücləndirilməsini zəruri sayır. Hakimiyyət bu yanaşmanı dövlətin dünyəvi xarakterinin qorunması və dini institutların siyasətdən kənar saxlanılması ilə əsaslandırır. Bununla belə, atılan addımların bir qismi cəmiyyətdə kilsəyə qarşı təzyiq kimi qiymətləndirilir. Din xadimlərinə qarşı inzibati tədbirlərin artması, kilsə strukturlarının fəaliyyətinə hüquqi məhdudiyyətlərin tətbiqi geniş müzakirələr doğurur. Bu proseslər bəzən həddindən artıq sərt xarakter alır və qarşılıqlı etimadı zəiflədir. Nəticədə dövlətlə dini institutlar arasında münasibətlər daha da gərginləşir, cəmiyyətdə əlavə parçalanma yaranır və Konstitusiyada təsbit olunan vicdan və din azadlığının praktikada tam təmin olunmadığı barədə mülahizələr güclənir",- deyə T. İsmayılov vurğulayıb.

Politoloq əlavə edib ki, bütün bu proseslər fonunda Qərbin, xüsusilə Avropa İttifaqının mövqeyi ciddi suallar doğurur. Demokratik dəyərləri prioritet elan edən qurumların Ermənistandakı siyasi həbslərə və media azadlığının pozulmasına qarşı susqunluğu açıq ikili standart təsiri bağışlayır. Avropa strukturları mövcud pozuntulara ya ümumiyyətlə reaksiya vermir, ya da yalnız formal bəyanatlarla kifayətlənir. Media azadlığının boğulması ilə bağlı tənqidlər effektiv mexanizmlərlə müşayiət olunmur. Kilsə ilə bağlı vəziyyət də beynəlxalq gündəmdə lazımi əks-səda doğurmur. Əgər oxşar proseslər başqa ölkələrdə baş versəydi, reaksiyanın daha sərt olacağı şübhə doğurmur. Ermənistanın müəyyən dairələr tərəfindən siyasi himayə altında saxlanılması insan hüquqlarının pozulmasına faktiki olaraq göz yumulmasına gətirib çıxarır. Bu isə beynəlxalq hüququn və demokratik prinsiplərin selektiv tətbiqinin növbəti nümunəsi kimi qiymətləndirilir.

Tural İsmayılov vurğulayıb ki, Ermənistan cəmiyyətində qorxu mühiti getdikcə dərinləşir. Azad fikir daşıyıcıları ya susmağa, ya da ölkəni tərk etməyə məcbur qalırlar. Dövlət institutlarının müstəqilliyi formal xarakter daşıyır. Hakimiyyətin güc strukturlarına tam nəzarəti siyasi proseslərin təbii axarını pozur. İnsan hüquqlarının qorunmadığı mühitdə davamlı inkişafdan danışmaq mümkün deyil. Repressiya üzərində qurulan idarəetmə modeli uzunmüddətli perspektivdə cəmiyyət üçün ciddi risklər yaradır. Ermənistanda avtoritarlaşma tendensiyası artıq açıq siyasi xəttə çevrilib. Beynəlxalq ictimaiyyət, xüsusilə Avropa İttifaqı susqunluq siyasətini davam etdirdikcə bu proseslərin qarşısını almaq mümkün görünmür. Mövcud mənzərə göstərir ki, Ermənistanda insan hüquqları anlayışı real mexanizm deyil, daha çox siyasi şüar səviyyəsində qalır.

Избранный
65
azertag.az

1Источники