RU

Ermənistanda insan hüquqlarının pozulması beynəlxalq ictimaiyyətin selektiv münasibətinin nəticəsi kimi dəyərləndirilməlidir ŞƏRH

Bakı, 4 dekabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Ermənistanın daxili siyasi mühiti, insan hüquqlarının kobud şəkildə pozulması, müxalif düşüncəli şəxslərə, jurnalistlərə və vətəndaş cəmiyyəti institutlarına qarşı repressiv addımları Qərb siyasi dairələri və beynəlxalq demokratik təsisatları tərəfindən görməzdən gəlinir. Halbuki, bu hadisələr regionda sabitlik və demokratik təhlükəsizliyə birbaşa təhdid kimi qiymətləndirilməlidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

Deputat tarixi kontekstdə Azərbaycan və Ermənistan münaqişəsində Qərbin ikili yanaşmalarını xatırladıb: “Azərbaycan və Ermənistan arasında yaşanan münaqişə dövründə Ermənistanın hərbi, siyasi və humanitar müstəvidə həyata keçirdiyi təcavüzkar fəaliyyətlər beynəlxalq hüququn birmənalı pozuntusu kimi sənədləşdirilsə də, Qərb institutları tərəfindən adekvat siyasi və hüquqi qiymət almayıb. Bir milyondan çox azərbaycanlının öz doğma torpağından didərgin salınması, Xocalı soyqırımının baş verməsi, işğal olunmuş ərazilərdə mədəni irsin məhv edilməsi və ekoloji fəsadların yaradılması faktları dünya ictimaiyyətinin səssizliyi fonunda öz həllini uzun illər tapmadı. Qəti şəkildə demək olar ki, Ermənistana münasibətdə yaradılan bu “toxunulmazlıq imici” regionda geopolitik balansın qorunması ilə deyil, daha çox Cənubi Qafqazda Qərbin uzunmüddətli strateji alətlərindən biri kimi bu ölkədən istifadə etməsi ilə bağlıdır. Bu mövqe təkcə Azərbaycanla bağlı məsələlərdə deyil, Ermənistan daxilində insan hüquqları sahəsində baş verən mənfi tendensiyalarda da özünü göstərir”.

A.Allahverənov Ermənistan daxilində insan hüquqlarının pozulması faktlarından və mövcud reallıqlardan da bəhs edib: “Ermənistan hakimiyyətində dəyişikliklərin baş verməsinə baxmayaraq, ölkədə demokratikləşmə və siyasi azadlıqlar sahəsində real nəticələr müşahidə edilmir. Hakimiyyət orqanları mütəmadi olaraq siyasi müxalifətə, müstəqil jurnalistlərə, blogerlərə və vətəndaş fəallarına qarşı təzyiqlər, həbslər və susdurma kampaniyaları həyata keçirir.

Ermənistan siyasi tarixində ən sarsıdıcı hadisələrdən biri parlamentdə qətllə nəticələnən hadisədir. Bu hadisə ölkənin siyasi sistemində kök salmış korrupsiya, klan idarəçiliyi və avtoritar tendensiyaların göstəricisidir. Həmçinin rəsmi dairələr informasiya sahəsində nəzarəti gücləndirir, müstəqil media resursları bağlanır və ya ağır təzyiqlərə məruz qalır. Son illərdə bir sıra blogerlərin, jurnalistlərin və sosial media fəallarının həbsi və ya məhkəmə proseslərinə cəlb olunması bunu açıq şəkildə sübut edir. Müxalifət nümayəndələrinə qarşı təqib kampaniyaları aparılır, sərbəst toplaşma azadlığı məhdudlaşdırılır, mitinqlər dağıdılır və iştirakçılar saxlanılır. Bu faktlar göstərir ki, Ermənistan yalnız xarici siyasətdə deyil, daxili idarəçilik modelində də demokratik mexanizmlərdən uzaqlaşma xəttini davam etdirir”.

Onun sözlərinə görə, demokratiya, insan haqları və söz azadlığı prinsipləri Qərbin rəsmi dəyərlər sisteminin əsas sütunları hesab edilsə də, bu prinsiplər regiondakı real proseslərə tətbiq edilərkən ciddi uyğunsuzluq yaranır. Azərbaycanla bağlı məsələlərdə həssaslıq nümayiş etdirən və sərt bəyanatlarla çıxış edən dairələr, Ermənistanla bağlı problemlərin eyni ciddiliklə beynəlxalq gündəmə daşınmasına maraq göstərmir. Bu yanaşmanın başlıca səbəbi Ermənistanın uzun illərdir Cənubi Qafqazda geosiyasi manevr alətinə çevrilməsi və regionun enerji-təhlükəsizlik siyasətində balans rolunu oynayan Azərbaycanın müstəqil xəttinə qarşı təzyiq mexanizmlərinin formalaşdırılması ilə bağlıdır.

Deputat deyib: “Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulması təkcə daxili siyasi böhran və sosial sistemin iflası ilə bağlı deyil, həm də beynəlxalq ictimaiyyətin selektiv münasibətinin nəticəsi kimi dəyərləndirilməlidir. Qərb institutlarının və beynəlxalq təşkilatların susqunluğu Ermənistan hakimiyyətinə cəzasızlıq mühiti yaradır ki, bu da nəticədə həm Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin, həm də öz vətəndaşlarına qarşı hüquq pozuntularının davam etməsinə gətirib çıxarır. Bu səbəbdən, regionda davamlı sülhün və real demokratik transformasiyanın təmin edilməsi üçün beynəlxalq münasibətlər sisteminin birtərəfli yanaşmadan imtina edib, bütün tərəflərə bərabər hüquqi-siyasi qiymət verməsi vacibdir. Əks halda, cəzasızlıq sindromu həm regionun təhlükəsizliyini, həm də qlobal miqyasda hüquq və ədalət prinsipinin etibarlılığını ciddi şəkildə sual altına alır”.

Избранный
87
azertag.az

1Источники