RU

Yas və toy mərasimləri ilə bağlı mühüm açıqlama – Qadağalar olacaq…

Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan verilməsi uzun illərdir ənənə halını alıb.

Bir neçə ildir yas mərasimlərində bol süfrələrin açılması ciddi şəkildə tənqid edilir. Lakin hələ də dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb.

Qeyd edək ki, ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilən bu məsələ israfçılıq, özünü göstərmə və s. kimi də qiymətləndirilir. Doğrudur, bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi ləğv edilib və hamı bir qayda ilə süfrəyə çay, limon, halva və xurma verir. Ancaq bu nümunə bəzi bölgələrdə tətbiq olunur.

Bəs ehsan süfrələrinin bütün Azərbaycan miqyasında qadağan olunması mümkündürmü? 

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, son illərdə ölkəmizdə yas mərasimləri ilə bağlı aparılan təbliğat işləri artıq öz müsbət nəticələrini verməyə başlayıb:

“Regionlardan gələn məlumatlara əsasən, müxtəlif rayon və bölgələrdə bu istiqamətdə müsbət dəyişikliklər müşahidə olunur. İnsanlarımız mərasimlərin daha sadə, təvazökar və məqsədəuyğun keçirilməsinə üstünlük verməyə başlayıblar. Bu isə düzgün və ardıcıl təbliğatın, maarifləndirmənin nəticəsidir. Lakin bu məsələnin ölkə üzrə tam şəkildə tətbiq olunması hələ də bəzi çətinliklərlə müşahidə edilir.

Belə ki, bəzi hallarda qanunvericilik bu kimi məsələlərin həlli üçün yetərli olmur. İnsan davranışları, mədəniyyət və sosial ənənələr daha çox maarifləndirmə, təbliğat və düzgün yanaşma yolu ilə dəyişdirilməlidir.

Qanun yalnız çərçivə yaradır, lakin insan onu qəbul etdikdə və mənimsədikdə effektiv olur. Əks halda, qanundan yayınma halları da baş verə bilər. Hazırda ölkəmizdə bu məsələyə daha yumşaq və nəticəyönümlü yanaşma seçilib. Dövlət qurumları, ictimaiyyət nümayəndələri, din xadimləri və media bu istiqamətdə səylərini birləşdirərək vətəndaşları doğru istiqamətə yönləndirirlər. Ümid edirik ki, bu səylər gələcəkdə daha da genişlənəcək və cəmiyyətin davranış modellərində köklü dəyişikliklərə səbəb olacaq”.

İlahiyyatçı əlavə edib ki, israf təkcə yas mərasimlərində deyil, toy məclislərində də geniş yayılıb:

“Əksər hallarda toy məclislərindəki israf daha ciddi miqyas alır. Əgər məqsəd israfın qarşısını almaqdırsa, bu problemə kompleks yanaşmaq zəruridir. Toylarda da müəyyən islahatlara, sadəlik və səmərəlilik prinsipinə ehtiyac var. Burada din xadimlərinin rolu xüsusilə önəmlidir. Onlar bu məsələdə ictimaiyyətə doğru mesajlar verməli, İslamın təməl prinsiplərini xatırlatmalıdırlar. Məsələn, Peyğəmbərimiz (s.ə.s.) dövründə yas mərasimləri maksimum üç gün davam edərdi və əsas məqsəd hüzür sahibinə mənəvi dəstək göstərmək, onun yükünü azaltmaq idi. Bu ənənələrin dirçəldilməsi cəmiyyətə həm dini, həm də sosial baxımdan müsbət təsir göstərə bilər. Sonda qeyd etmək olar ki, düzgün istiqamət seçilib.

Maarifləndirmə davam etdikcə, ictimai şüurda dəyişiklik baş verəcək və həm yas, həm də toy mərasimlərində israfın qarşısı alınacaq. Cəmiyyətimiz bu dəyərləri qəbul etdikcə hər şey öz təbii məcrasına düşəcək”.

Избранный
13
nocomment.az

1Источники