RU

Bundesver quru qoşunlarının rəqəmsal sistemlərlə təchizatına dair proqramın icrasına başlayıb

Berlin, 4 dekabr, AZƏRTAC

Almaniya Silahlı Qüvvələrinin (Bundesver) quru qoşunlarının rəqəmsallaşdırılması layihəsi çərçivəsində tank diviziyasının 10 minə yaxın döyüş və dəstək texnikası 2027-ci ilədək rəqəmsal idarəetmə və informasiya sistemi ilə təchiz ediləcək.

AZƏRTAC ölkənin Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, layihə Bundesverin ən mürəkkəb silahlanma proqramı hesab olunur. Rəqəmsallaşdırma sayəsində torpaq, dəniz, hava, kibertəhlükəsizlik və kosmos sahələrində əməliyyatların real vaxt rejimində koordinasiyası mümkün olacaq.

Almaniyanın müdafiə naziri Boris Pistorius proqramın təqdimatındakı çıxışında layihənin Bundesver üçün 40 illik texnoloji sıçrayış olduğunu ifadə edərək bildirib: “Bu, təkcə radioqurğuların quraşdırılması ilə bağlı deyil. Bu, əsgərlər, texnika və yüksək rəhbərlik səviyyələrini real vaxt rejimində birləşdirən rəqəmsal idarəetmə və informasiya sistemidir”.

Dəyəri 11,5 milyard avro olan proqramın icrası üçün Bundesver bir sıra müdafiə sənayesi şirkətləri ilə əməkdaşlıq edir. İlkin mərhələdə əməliyyat baxımından vacib texnikalar ən müsair müharibə standartlarına uyğun rəqəmsal sistemlərlə təchiz olunacaq. Sonra isə əsas döyüş texnikalarının inteqrasiyası planlaşdırılır. Rəqəmsallaşdırılmış texnikaların paralel istifadəsini nəzərdə tutan qarışıq əməliyyat rejimi layihənin icrasında müvəqqəti həll kimi tətbiq olunacaq. Bu tədbirlər Bundesverin NATO tərəfdaşları ilə əməliyyatlarda real vaxt rejimində koordinasiya imkanlarını artırmaq və rəqəmsallaşdırmanı 2027-ci ilədək başa çatdırmaq məqsədi daşıyır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
60
azertag.az

1Источники