RU

ABŞ-nin Sakit okeanda vurduğu gəmidə 4 nəfər ölüb

Vaşinqtonun narkotrafikə qarşı əməliyyatları genişlənir, Pentaqon rəhbəri isə ittihamlarla üz-üzədir...

Poliqon xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Sakit okeanın şərq hissəsində narkotacirlərə məxsus daha bir gəmini məhv edib. Associated Press Agentliyinin məlumatına görə, zərbə nəticəsində dörd nəfər həlak olub. Bu, üç həftə əvvəl həyata keçirilən analoji əməliyyatdan sonra sayca növbəti hücumdur.

Məlumata əsasən, sentyabr ayında Karib hövzəsi və Sakit okeanda başlayan əməliyyat çərçivəsində ABŞ ordusu indiyədək 22 narkosatıcı gəmisini məhv edib. Bu müddətdə ümumi itki sayı 87 nəfərə çatıb. Pentaqon hadisə ilə bağlı açıqlamasında bildirib ki, kəşfiyyat məlumatlarına görə, məhv edilən gəmi narkotik daşıyırmış və regionda artıq məlum olan narkotrafik marşrutu ilə hərəkət edirmiş.

Yeni insident ABŞ-da dərinləşən daxili siyasi böhranın fonunda baş verib. Mətbuatda yer alan məlumatlara görə, müdafiə naziri Pit Hegset narkotacirlərin gəmilərinin, xüsusilə Venesuela sahillərinə yaxın sularda məhv edilməsi zamanı mümkün hərbi cinayətlərdə ittiham olunur. Hazırda ABŞ Konqresinin bir neçə komitəsi sözügedən əməliyyatların hüquqi əsaslarını araşdırır.

Hadisənin siyasi rezonansı artır və müşahidəçilər bildirirlər ki, narkotrafikə qarşı əməliyyatların miqyasının genişlənməsi fonunda Pentaqon rəhbərliyinə təzyiq daha da güclənə bilər.

Poliqon.info

Избранный
40
poliqon.info

1Источники