RU

Bel ağrısını azaltmağın sadə yolları açıqlanıb

Bel ağrılarını aradan qaldırmağın beş əsas yolu var: iş yerinin düzgün təşkili, hər 30-40 dəqiqədən bir qısa fasilələr etmək, mini gimnastika ilə məşğul olmaq, stressi azaltmaq və müntəzəm idmanla məşğul olmaq.

Editor.az xəbər verir ki, bu barədə neyrocərrah, Fomin Clinic-in ağrı müalicəsi mərkəzinin rəhbəri Stanislav Timonin məlumat verib.

Onun sözlərinə görə, ilk növbədə iş şəraitini düzgün qurmaq lazımdır: “Monitor göz səviyyəsində olmalıdır. Kürək stul tərəfindən tam dəstəklənməli, əyilməməlidir. Ayaqlar yerə tam basmalı, stulun altında qalmamalıdır. Çiyinlər rahat, dirsəklər isə təxminən 90 dərəcə bucaqda olmalıdır. Bu kimi sadə düzəlişlər bel və boyun nahiyəsindəki narahatlığı xeyli azalda bilər”.

İkinci olaraq, Timonin hər 30–40 dəqiqədən bir 1–2 dəqiqəlik hərəkət etməyi tövsiyə edir. Bu zaman ayağa qalxmaq, koridorda qısa gəzinti etmək, bədəni uzatmaq və bir neçə çiyin dairəsi hərəkəti kifayətdir.

Həkim bildirib ki, gün ərzində edilən qısa “açılma” hərəkətləri axşam saatlarında edilən uzunmüddətli fəaliyyətdən daha çox fayda verir. Onun sözlərinə görə, üçüncü vacib məqam ofis daxilində mini-gimnastika etməkdir: sinə əzələlərini yumşaq şəkildə dartmaq, başı yanlara əymək və çevirmək, qarın və omba əzələlərini bir neçə dəfə sıxıb boşaltmaq. Tədqiqatlar göstərir ki, bu cür qısa məşqlər cəmi bir neçə həftə sonra bel ağrılarını azalda bilir.

Dördüncü məqam stressin minimuma endirilməsidir. Buna kifayət qədər yuxu, gecə saatlarında işdən uzaq durmaq və elektron cihazlarla uzun müddət təmasdan qaçmaq daxildir.

Nəhayət, Timonin bildirir ki, yoqa və üzgüçülük kimi müntəzəm fiziki fəaliyyət xroniki bel ağrılarını azaltmaq üçün ən təsirli qeyri-dərman üsullarından biridir: “Meta-analizlər göstərir ki, davamlı məşq bel ağrılarına qarşı ən güclü profilaktik tədbirlərdəndir”.

 

//Gülnarə Abasova, Editor.az

Избранный
31
editor.az

1Источники