RU

Gənc ssenaristdən TV-yə doğru — MÜSAHİBƏ

Naxçıvan Film Fondunun təşkil etdiyi ssenari müsabiqəsinə qatılan Ülkər Məmmədovanın “Gizli kimlik” adlı ssenarisi ilk üçlüyə düşməsə də, münsiflər heyəti tərəfindən xüsusi qiymətləndirilib. Sənət dəyəri və mövzu aktuallığına görə ssenarinin Naxçıvan Dövlət Televiziyasında ekranlaşdırılması tövsiyə olunub. Bu da gənc müəllif üçün həm yaradıcı inkişaf, həm də televiziya mühitinə addım atmaq baxımından əlamətdar hadisə hesab olunur.

Tribuna.az bu münasibətlə müəllifi təbrik edir və müsahibəni təqdim edir:

— İstərdim özünüz haqqında məlumat verəsiniz? Ssenari yazmağa necə başladınız?

— Əsas təhsilim pedaqoji olsa da həmişə qəlbimdə yaradıcılığa marağım olub. Yaradıcılıq yoluna hekayə yazmaqla başladım, uğurlu alındığını gördüm. Həyat yoldaşım təsvir rejissorluğu sahəsində olduğu üçün bu bacarığımın tez fərqinə vardı və ssenari yazmağımı dəstəklədi. Psixologiya sahəsində olan biliyimi yaradıcılıq qabiliyyətimlə birləşdirib, psixoloji dram janrında “Gizli kimlik” adlı ilk ssenarimi yazmağa başladım.

— Müsabiqəyə göndərdiyiniz “Gizli kimlik” senarisi hansı mövzunu, konfliktləri və əsas mesajı özündə birləşdirir?

— Dissosiativ şəxsiyyət pozuntusu, yəni şəxsiyyətin ikiləşməsi mövzusundadır. Gənc bir həkim kiçik yaşlarından atasının fiziki zorakılığına, həmişə alçaldıcı münasibətinə başqaları ilə müqayisə edilməyə məruz qalmışdır. İrəliləyən zamanlarda travmanın təsirindən daxilindəki gizli, təhlükəli şəxsiyyətlərlə mübarizə aparmağa başlayır. Həm özü, həm də ətrafı üçün təhlükə mənbəyinə çevrilir. Və sonda bacısının dəstəyi ilə müalicə almaqdan ötrü xəstəxanaya yerləşdirilir. Burada insanlara verəcəyim sosial mesaj bəşəriyyət üçün insanlıq adına ən böyük təhlükə sevgisizliyə məruz qoymaqdır. 2-ci bir mesajım isə cəmiyyətimizdə bir çox psixoloji problemləri olan insanlar var ki, ailəri tərəfindən ört-basdır edilir, “camaat nə deyər” düşüncəsi ilə son peşmançılıq o zaman olur ki, həmin şəxslər ya özünə, ya da ətrafına qarşı cinayət xarakterli hadisələr törədir.

— Günümüzdə müsabiqələrin şəffaflığına ümidin itdiyi bir vaxtda, bu sahədə təhsiliniz olmasa belə, (ki, təhsil alanlar da məmnun deyil) müsabiqələri necə qiymətləndirirsiniz?

— Naxçıvan Film Fondunun təşkil etdiyi ssenari müsabiqəsində bu il ilk dəfə iştirak etdim. Təcrübəli və güclü rəqabətə malik müəlliflər arasında mənim ssenarimin də bəyənilməsi mənə göstərdi ki, burada şəxsiyyətdən asılı olmadan hər kəsin işi ədalətli şəkildə dəyərləndirilir. Bu səbəbdən müsabiqənin şəffaf və obyektiv keçirildiyini düşünürəm.

— Yaxşı ssenarist olmaq istəyənlərə tövsiyyələriniz nələrdir?

— Mütaliə etmək, araşdırmaq, həvəs, inam və dayanmadan çalışmaq. Çünki bu saydıqlarımdan hansısa itəndə, yaradıcılıq da zəifləyib itir.

Söhbətləşdi: Dəniz Pənahova

Избранный
44
tribunainfo.az

1Источники