RU

Süni intellektdən düzgün istifadə obyektivlik, dəqiqlik və ictimai etimadın qorunmasına xidmət etməlidir

Bakı, 5 dekabr, AZƏRTAC

Bu gün media mühiti sürətlə dəyişir və bu dəyişimin əsas hərəkətverici qüvvələrindən biri süni intellektdir. Artıq informasiya istehsalı, redaksiyalaşdırma, faktların yoxlanılması və analitik təhlil kimi proseslərdə süni intellekt, xüsusilə də ChatGPT mühüm rol oynamağa başlayıb. Bu texnologiya medianın gündəlik fəaliyyətini sadəcə texniki cəhətdən asanlaşdırmır, həm də informasiya mədəniyyətinin yeni mərhələsini formalaşdırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində keçirilən “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” mövzulu panel sessiyada Gürcüstanın İctimai Televiziyasının “Rəngarəng Gürcüstan” layihəsinin rəhbəri, jurnalist, televiziya aparıcısı Ramiliya Əliyeva deyib.

O qeyd edib ki, ChatGPT operativlik baxımından media üçün böyük imkanlar yaradır. Xəbər axınının yüksək intensivlik göstərdiyi müasir dövrdə məlumatın qısa zamanda sistemləşdirilməsi, mətnlərin redaktəsi və ilkin təhlilin aparılması jurnalistə vaxt qazandırır, media subyektinin informasiya dövriyyəsində çevik qalmasını təmin edir. Bununla yanaşı, süni intellekt dil, üslub və struktur baxımından mətnin keyfiyyətinin yüksəldilməsinə kömək edir ki, bu da peşəkar təqdimatı daha səlis və oxunaqlı edir: “Lakin medianın süni intellektlə əməkdaşlığı yalnız texniki üstünlüklərlə məhdudlaşmır. Bu, həm də məsuliyyət tələb edən bir prosesdir. Dezinformasiyanın sürətlə yayıldığı, vizual və mətn manipulyasiyalarının asanlıqla hazırlana bildiyi bir dövrdə süni intellekt vasitələrinin istifadəsi xüsusi etik diqqət tələb edir. ChatGPT və oxşar texnologiyalar jurnalistin yerini tutmaq üçün deyil, onun peşə fəaliyyətini dəstəkləmək, faktların təhlilini gücləndirmək və məlumatın etibarlılığını qorumaq üçün tətbiq olunmalıdır. Süni intellektdən düzgün istifadə aparıcı media prinsipləri olan obyektivlik, dəqiqlik və ictimai etimadın qorunmasına xidmət etməlidir. Əks halda texnologiya nəzarət vasitəsindən çıxaraq manipulyasiya potensialına çevrilə bilər. Buna görə də süni intellektin media sektoruna inteqrasiyası paralel olaraq hüquqi və etik çərçivələrin təkmilləşdirilməsini, informasiya təhlükəsizliyinin qorunmasını və media savadlılığının artırılmasını zəruri edir”.

“Gələcək media modellərinin formalaşması artıq insan jurnalistikasının və süni intellektin qarşıdurması üzərində deyil, onların əməkdaşlıq mədəniyyəti üzərində qurulmalıdır. Peşəkar jurnalistin analitik düşüncəsi və etik məsuliyyəti ilə texnologiyanın sürət və emal gücü birləşdikdə daha etibarlı, daha dəqiq və daha dayanıqlı informasiya mühiti formalaşacaq”, - deyə R.Əliyeva əlavə edib.

Избранный
39
azertag.az

1Источники