RU

ABŞ-dən yeni qadağaları: Siyahı genişlənir

Amerika Birləşmiş Ştatları (ABŞ) səyahət qadağası tətbiq ediləcək ölkələrin sayını artırmağa hazırlaşır. 

"Cebheinfo.az" xəbər verir ki, daxili təhlükəsizlik naziri Kristi Noem “Fox News” kanalında yayımlanan “The Ingraham Angle” proqramında ABŞ-nin səyahət qadağası tətbiq edəcəyi ölkələrlə bağlı açıqlama verib. 

Prezident Donald Trampın rəhbərlik etdiyi administrasiyanın bu siyahını genişləndirmək niyyətində olduğunu bildirən Noem deyib: “Dəqiq say barədə danışmayacağam, amma 30-dan çox ölkədən söhbət gedir və Prezident bu ölkələri qiymətləndirməyə davam edir”. 

Noem əlavə edib: 

“Əgər sabit hökumətləri yoxdursa, özlərini idarə edə bilmirlərsə və bizə bu şəxslərin kim olduğunu deyə biləcək və araşdırmamıza kömək edəcək bir idarəetməyə sahib deyillərsə, niyə həmin ölkədən insanların ABŞ-yə gəlməsinə icazə verək?” Nazir siyahıya hansı ölkələrin əlavə olunacağı barədə məlumat verməyib. 

Xatırladaq ki, 26 noyabrda Ağ Evə yaxın ərazidə iki Milli Qvardiya üzvünün güllələnməsi və şübhəlinin saxlanılmasından sonra Tramp administrasiyası səyahət qadağası ilə bağlı işləri sürətləndirib.

Prezident Trampın 5 iyun tarixində imzaladığı fərmana əsasən, Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvator Qvineyası, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-yə səyahəti qadağan edilmişdi. Bundan əlavə, Tramp administrasiyası Burundi, Kuba, Laos, Syerra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına da səyahət məhdudiyyətləri tətbiq etmişdi. 

ABŞ hökuməti, 26 noyabr hadisəsindən sonra 3 dekabrda “yüksək riskli ölkə” kateqoriyasına daxil olan 19 ölkənin vətəndaşları tərəfindən edilən bütün sığınacaq və miqrasiya yardımı müraciətlərini dayandırmışdı. 

Избранный
49
cebheinfo.az

1Источники