Ruanda və Konqo Vaşinqtonda Trampın iştirakı ilə sülh sazişi imzaladılar
Ajans.az xəbər verir ki,bu barədə Fox News məlumat yayıb. Tramp bildirib ki, saziş daimi atəşkəsin təmin edilməsini, qeyri-dövlət silahlı qruplaşmalarının tərksilah olunmasını, qaçqınların öz evlərinə təhlükəsiz qayıdışını və “qanunsuz vəhşiliklərə” görə məsuliyyət daşıyan bütün şəxslərin cəzalandırılmasını nəzərdə tutur. ABŞ prezidenti vurğulayıb: “Bu gün imzaladığımız müqavilə Vaşinqton Sazişləri kimi tanınacaq. Adı hər kəsin xoşuna gəldi.” Saziş, üsyançı qrupların dörd il əvvəl fəallaşdığı Şərqi KDR-də döyüşlərin dayandırılmasına yönəlib. Onların ən böyüyü, əsasən on ildən çox əvvəl KDR ordusunu tərk etmiş tutsilərdən ibarət olan 23 Mart Hərəkatıdır (M23). Son üç ildə üsyançılar Şimali Kivu əyalətinin bir hissəsinə nəzarəti ələ keçiriblər. 2025-ci ilin əvvəlində M23 Qoma və Bukavu şəhərlərinə hücuma keçib. BMT-nin məlumatına görə, hərəkatı təxminən 4 min Ruanda hərbçisi dəstəkləyir. Mart ayında döyüşlərin daha da şiddətlənməsi fonunda KDR hakimiyyəti Ruandanı birtərəfli atəşkəs və Valikale bölgəsindən geri çəkilmə barədə razılaşmanın şərtlərini pozmaqda ittiham edib. Ardınca KDR ordusu Şimali Kivu əyalətində genişmiqyaslı əməliyyatlara başlayıb. 18 iyunda ABŞ Dövlət Departamenti və hər iki ölkənin texniki qrupları sülh sazişinin şərtləri üzrə razılığa gəliblər. Saziş 27 iyunda Vaşinqtonda Ruanda və KDR-nin xarici işlər nazirləri tərəfindən ABŞ-ın dövlət katibi Marko Rubionun iştirakı ilə imzalanıb. Tərəflər razılaşıblar ki, sənəd iki ölkə prezidentlərinin Vaşinqtonda keçiriləcək görüşündən sonra rəsmən qüvvəyə minəcək.