UNIFIL: İsrailin Livana son hücumları BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozur
Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Sülh Qüvvələri (UNIFIL) bildirib ki, İsrail ordusu dünən Livanın cənubundakı ərazilərə hava hücumları ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 1701 saylı qətnaməsini pozub. UNIFIL yazılı açıqlamasında bildirib ki, İsrailin dünən Livanın cənubundakı Caba, Mahruna, Bəraşit və Əl-Məcadil şəhərlərinə hava hücumları etdiyi müşahidə edilib. Bəyanatda İsrailin bu hücumlarla BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozduğu bildirilir və tərəfləri 2024-cü ilin noyabr ayında əldə edilən atəşkəsə riayət etməyə çağırılır. Livan vətəndaş müharibəsinin başlamasından sonra İsrail 1978-ci ildə Livan ərazisinə hücum edərək cənubi Livanı işğal etdi. Elə həmin il BMT TŞ İsraili Livandan qoşunlarını çıxarmağa çağırdı.
Livanın xahişi ilə BMT TŞ 19 mart 1978-ci ildə İsrail qoşunlarının çıxarılmasını təsdiqləmək, sülhü və təhlükəsizliyi bərpa etmək və ölkənin cənubu üzərində hakimiyyətini bərpa etməkdə Livan hökumətinə dəstək olmaq üçün UNIFIL yaratdı.
11 avqust 2006-cı ildə BMT TŞ yekdilliklə 12 iyul 2006-cı ildə Livan və İsrail arasında başlayan şiddətli müharibəyə son qoyulmasını tələb edən 1701 saylı qətnaməni qəbul etdi.
1701 saylı qətnamədə İsrailin Mavi Xəttin arxasına çəkilməsi və bu xətt ilə Livandakı Litani çayı arasındakı ərazini yalnız Livan ordusuna və UNIFIL-ə məxsus silah və hərbi texnika ilə silahsızlaşdırması nəzərdə tutulur.