Bakı, 5 dekabr, Aytac Haqverdiyeva, Səfiyar Məcnun, AZƏRTAC
Regional informasiya mühitində Azərbaycan və Gürcüstanı birləşdirən, eyni dərəcədə narahat edən problemlər mövcuddur. Çünki dezinformasiya, manipulyativ media yanaşmaları, saxta xəbər dövriyyəsi və rəqəmsal təxribatlar artıq tək ölkənin problemi deyil, regional təhlükəsizlik məsələsinə çevrilib.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Qriqol Robakidze Universitetinin Humanitar və Sosial Elmlər Məktəbinin professoru, Multimedia Mərkəzinin rəhbəri Maia Paçkoriya deyib.
O qeyd edib ki, hər iki ölkənin media əməkdaşlığı qarşılıqlı məlumat mübadiləsi ilə məhdudlaşmamalıdır: “Biz birgə maarifləndirmə layihələri, jurnalistlər üçün təkrar təhsil proqramları, rəqəmsal savadlılıq təşəbbüsləri və medianın etik standartlarının möhkəmləndirilməsi istiqamətində koordinasiyalı fəaliyyət göstərməliyik. Düşünürəm ki, medianı qorumanın ən əsas və həlledici yolu media təhsilidir. Güclü media savadlılığı olmayan cəmiyyət dezinformasiyanın hədəfinə çevrilməkdə davam edəcək. Təhsil prosesi yalnız auditoriya mühitində deyil, elmi mərkəzlərdə, universitetlərdə, araşdırma institutlarında və peşəkar media təşkilatlarında sistemli şəkildə həyata keçirilməlidir. Peşəkar jurnalistikanın formalaşması, müasir informasiya texnologiyalarının düzgün tətbiqi, süni intellektin etik istifadəsi, fakt-yoxlama mexanizmlərinin təkmilləşdirilməsi məhz bu məkanlarda mümkün olur. Çünki media təhlükəsizliyinin qorunması yalnız qanunvericilik və nəzarət metodları ilə təmin edilmir. Cəmiyyətin informasiya davranışı, jurnalistin etik məsuliyyəti, redaksiyaların şəffaflığı və informasiya istehsalçıları arasında qarşılıqlı etimad da bu prosesin ayrılmaz hissəsidir. Biz eyni regionun ölkələriyik və informasiya məkanımız qarşılıqlı təsir altındadır. Deməli, təhlükəni də, həlli də birgə dəyərləndirməliyik”.