Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın filmində şairə Məhsəti Gəncəvini əxlaqsız qadın kimi canlandırması ilə bağlı etirazlara münasibət bildirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, Mədəniyyət Nazirliyi rəsmi açıqlama yaysa da, o, filmə baxmamış heç bir fikir bildirə bilməz.
"Suad Qarayevanı tənqid edənlər var, məsələn, Fazil Mustafa Suad Qaranı müdafiə edib. Nə olsun? Mədəniyyət Nazirliyinin də öz fikri var. Mən baxmadığım film haqqında danışa bilmərəm. Nə bilim ki, orada nə var, nə yox... Deyirlər ki, Məhsəti Gəncəvi haqqında tarixi faktlar azdır. Şairləri, yazıçıları şeirləri ilə tanıyırlar. Şeirlərindən şairin ağlı, əqidəsi bəlli olur. Nizami Gəncəvini kim görüb? Təkcə doğum, ölüm tarixi qalıb, bir kənd bağışlayıblar. Nizami Gəncəvinin şeirlərini oxuyanda gözünün önündə üzü canlanır. Rəssamlar o dövrün şairlərini necə çəkiblər? Şeirlərini oxuyublar, biliblər ki, bu şeiri hansı sifətdə adam yaza bilər. Məhəmməd Füzuli də həmçinin..." - deputat bildirib.
Aytəkin Qardaşova