RU

İntihamlar, həbslər və Qərbin reaksiyası: Ermənistan üçün “toxunulmazlıq zonası” yaradılıb?

Son aylarda regionda baş verən siyasi proseslər beynəlxalq institutların mövqeyinin yenidən müzakirə obyektinə çevrilməsinə səbəb olub. Xüsusilə Ermənistan rəhbərliyinin daxili siyasi rəqiblərinə qarşı sərt addımlar atdığı bir vaxtda Qərb institutlarının susqunluğu, ikili standartların yenidən gündəmə daşınmasına yol açır. Ekspertlər hesab edirlər ki, beynəlxalq qurumların seçici yanaşması təkcə regiondakı siyasi balansı deyil, həm də bu təşkilatların etibarlılığına dair sualları artırır.

Mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, beynəlxalq qurumlar Azərbaycan və Ermənistanla bağlı məsələlərdə uzun illərdir ikili standartlara əsaslanan mövqe sərgiləyirlər.

Onun sözlərinə görə, xüsusilə iki ölkə arasında aparılan müqayisələrdə bu yanaşma aydın görünür:
“Əgər bu cür proseslər Azərbaycanda baş versəydi, ard-arda qərəzli bəyanatların şahidi olardıq. Son günlər baş verənləri nümunə göstərmək kifayətdir. Dövlət çevrilişinə cəhd ittihamı ilə aparılan həbslərdə dərhal siyasi motiv axtarılır. Ermənistanda isə Paşinyan öz siyasi rəqiblərini faktiki olaraq tam sıradan çıxarıb və gələn ilin iyununda keçiriləcək parlament seçkilərinə demək olar ki, rəqibsiz gedir”.

Cavanşir Abbaslı qeyd edib ki, buna baxmayaraq, Avropa institutlarının Ermənistan əleyhinə tənqidi mövqe sərgilədiyini görmək mümkün deyil:

“Siz bu məsələlərlə bağlı hər hansı beynəlxalq təşkilatın Ermənistana qarşı kəskin bəyanat verdiyini eşitmisinizmi? Xeyr. Bunun səbəbi sadədir- Paşinyan Qərbin istədiyi xarici siyasət kursunu yürüdür”.

Ekspertin sözlərinə görə, Qərbin əsas məqsədi Paşinyanın qarşıdakı parlament seçkilərindən sonra da hakimiyyətdə qalmasını təmin etməkdir:

“Məhz buna görə jurnalistlərin təqibi, siyasi fəallara təzyiqlər və həbslər qarşısında susqunluq nümayiş etdirilir. Bu yanaşmanın bir müddət də davam edəcəyi gözlənilir”.

// Gülnarə Abasova, Editor.az

Избранный
86
editor.az

1Источники