RU

Pakistan Ermənistanda səfirlik açır – Bakıdan reaksiya

Sülh müqaviləsinə qədər..

“Ermənistan və Pakistanın diplomatik nümayəndələri İrəvanda Pakistan səfirliyinin açılması üzərində fəal şəkildə işləyirlər”. Bu barədə erməni mediası xəbər yayıb.

Diplomatik mənbənin bildirdiyinə görə, səfirliyin gələn il açılması planlaşdırılır. Ermənistan Xarici İşlər Nazirliyi məlumatı təkzib etməyib.

“Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması ilə bağlı birgə kommunike imzalamaqla, iki ölkənin hökumətləri 1961-ci il ”Diplomatik münasibətlər haqqında” Vyana konvensiyasına və ümumi qəbul edilmiş beynəlxalq təcrübəyə uyğun olaraq qarşılıqlılıq əsasında diplomatik münasibətlərin qurulması məqsədilə nümayəndə mübadiləsi aparmaq və bir-birinə lazımi yardım göstərmək barədə razılığa gəlib. Bu kontekstdə ictimaiyyət gələcək inkişaflar barədə lazımi qaydada məlumatlandırılacaq”, – deyə XİN-in cavabında bildirilir.

Xatırladaq ki, Azərbaycanın bir neçə mühüm strateji müttəfiqindən olan qardaş Pakistan və Ermənistan arasında diplomatik münasibətlər 31 avqust 2025-ci ildə qurulub. Həmin gün Çində iki ölkə arasında bununla bağlı birgə kommunike imzalanıb.

Bəs səfirlik Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalananadək açıla bilərmi? Rəsmi Bakının gözləntisi nədir?

Onu da qeyd edək ki, qardaş Türkiyə öz prinsipial mövqeyini çoxdan bəyan edib: öncə Ermənistan Azərbaycanla anlaşmalıdır, sonra siyasi-diplomatik münasibətlər qurula bilər.

Guya

Aydın Quliyev 

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistan-Pakistan diplomatik münasibətləri bir neçə ay öncə qurulub: “2025-ci ilin iyun ayında iki ölkənin rəhbərliyi səviyyəsində Pekində diplomatik münasibətlərin qurulması üçün rəsmi sənəd imzalanıb. Bundan sonra Ermənistanda Pakistan səfirliyinin açılması üzərində işə başlanıb. Pakistanın sovet ittifaqı dağılandan indiyə qədər Ermənistanda səfirlik açmaması Ermənistanın işğalçılığına etiraz, Azərbaycanın isə haqlı mövqeyinə ciddi dəstək idi. Pakistan bununla Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü ilə barışmadığını nümayiş etdirib. 2020-ci il Vətən müharibəsində Pakistan Azərbaycana ən yüksək səviyyədə siyasi, mənəvi dəstək olub. Azərbaycan ərazi bütövlüyünü tam bərpa eləyəndən sonra Pakistan-Ermənistan münasibətlərinin qurulması üçün şərait yarandı. Ona görə də Pekində qeyd etdiyimiz razılaşma əldə olundu və səfirliyin açılması prosesi də həmin razılaşmaya əsasən aparılır. Ermənistanın artıq Azərbaycanla sülh prosesinə rəvac verməsi, sülhə hazır olduğunu bəyan etməsi və işğal faktına son qoyulması Pakistanın ona münasibətinin dəyişməsi üçün əsas ola bilər”.

A.Quliyev hesab edir ki, bütün bunlara görə də Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından əvvəl Pakistanla Ermənistan arasında səfirlik mübadiləsinin baş verməsi mümkündür: “Sülh müqaviləsi imzalanana qədər Ermənistanda Pakistan səfirliyinin açılması realdır. Böyük ehtimalla bu, belə də olacaq. Pakistanın Ermənistanla münasibətlərini mən Türkiyənin Ermənistanla münasibətlərini müqayisə etməzdim. Pakistanla Ermənistan arasında diplomatik münasibətlər ilk dəfə və yenicə yaranır”.

Musavat.com

Избранный
36
editor.az

1Источники