RU

Cənubi Qafqazın liderliyindən qlobal müstəviyə ...

Almaniya kansleri Bakıya zəng edib

Avropa-Azərbaycan münasibətlərinin yeni mərhələsi

Son illər beynəlxalq münasibətlər sistemində müşahidə olunan dərin siyasi transformasiyalar, iqtisadi güc mərkəzlərinin dəyişməsi və təhlükəsizlik arxitekturasının yenilənməsi qlobal mühitdə yeni reallıqlar doğurub. Azərabycanın timsalında yeni regional oyunçuların formalaşdırdığı yeni situasiyalar beynəlxalq aləmin diqqətini cəlb edib. Xüsusilə 2020-ci ildə əldə olunan Qələbə həm regionun siyasi xəritəsini, həm də Cənubi Qafqazda yeni güc balansını formalaşdırıb. Bu reallıq təkcə regional ölçüdə deyil, qlobal miqyasda da Bakının nüfuzunun artmasına təsir göstərib - bu yüksəliş Avropanın Azərbaycana diqqətini yeni mərhələyə daşıyır. Artıq Bakı ilə Avropa İttifaqı institutları, eləcə də ayrı-ayrı Avropa ölkələri arasında dialoq təkcə cari əməkdaşlıq çərçivəsində deyil, strateji perspektivlər kontekstində aparılır. Yeri gəlmişkən, dekabrın 4-də Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Fridrix Merts, ilk növbədə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Kansler Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb. Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycanın regional sülh təşəbbüslərinin müəllifi olduğunu qeyd edib. Prezident İlham Əliyev ölkəmizin regionda davamlı sülhün təmin olunması və möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirib. Telefon danışığı zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Kansler Fridrix Merts dövlətimizin başçısını Almaniyaya səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Prezident İlham Əliyev öz növbəsində Almaniya Kanslerini Azərbaycana səfərə dəvət edib. Fridrix Merts də dəvəti məmnunluqla qəbul edib.

Yeni sülh arxitekturası: Bakı Avrasiyanın yeni təhlükəsizlik sistemini formalaşdırır...

Qeyd edildiyi kimi, Bakının Cənubi Qafqazda formalaşdırdığ yeni sülh arxitekturası ümumi Avrasiyanın yeni inkişaf mərhələsini yaradıb. Azərbaycanın diplomatik çevikliyi, iqtisadi gücünü diversifikasiya etməsi və ən əsası, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirməsi Avropa üçün təhlükəsizlik, enerji təminatı, logistika, Şərq-Qərb nəqliyyat xəttinin sabitliyi, yeni yaşıl enerji transformasiyası kimi prioritet məsələlərdə yeni münasibətlər sistemi yaratmağa stimul verir. Bu məsələlərin hər birində Azərbaycan özünü sabit, öhdəliklərə sadiq və çevik tərəfdaş kimi təsdiqləyib. Bu gün Avropa siyasi dairələrində Bakı artıq regionun lideri, Qafqazın sabitlik təminatçısı, Avrasiyanın enerji və nəqliyyat xəritəsində mərkəzi oyunçu kimi tanınır. Avropadan Bakıya edilən diplomatik müraciətlər, yüksək səviyyəli təmaslar, əməkdaşlıq təklifləri, enerji dialoqları və siyasi məsləhətləşmələr isə daha da intensivləşib - gələcək perspektivdə bu dinamikanın daha da güclənəcəyi şübhəsizdir. Bakı həm coğrafi mövqeyi, həm diplomatik xətti, həm də iqtisadi sabitliyi ilə Avropanın yeni strateji xəttinin təbii tərəfdaşına çevrilib.

Bakı-Berlin münasibətləri: dinamizm, reallıqlar, perspektivlər...

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində mühüm bir xətt kimi keçən Bakı - Berlin münasibətləri də diqqətçəkicidir. Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1 milyard 236 milyon 804 min dollar dəyərində olub. Hesabat dövründə Azərbaycandan Almaniyaya 535 milyon 414 min dollarlıq mal ixrac edilib, bu ölkədən idxal isə 701 milyon 390 min dollar dəyərində olub.  Qeyd edək ki, Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsinin ümumi dövriyyədəki payı 3.03 faiz təşkil edir.

Bu ilin oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda 199 Almaniya şirkəti fəaliyyət göstərir. İki ölkə arasında hüquqi baza bu gün təxminən 80 sazişi əhatə edir. Dövlətlər arasında davamlı biznes dialoqu, beynəlxalq tədbirlərdə birgə iştirak və prioritet sektorlarda bilik mübadiləsinin təşkil etdiyi birgə “yol xəritəsi” həyata keçirir. 1995-ci ildən 2024-cü ilə qədər Almaniya investisiyalarının həcmi 900 milyon ABŞ dollarını ötüb ki, bunun da təxminən 94 faizi qeyri-neft sektorunun payına düşüb. Bu dövrdə Azərbaycanın Almaniyaya investisiyaları 600 milyon ABŞ dollarından çox olub.

Qarşılıqlı əlaqələr də yüksək səviyyədədir. Bu ilin mayında Azərabycan Prezidenti İlham Əliyev Fridrix Mertsə Almaniyanın yeni Federal Kansleri seçilməsi münasibətilə məktub ünvanlayıb. Məktubda Azərbaycan-Almaniya əlaqələrinin geniş gündəliyə malik olması, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün istiqamətlər, xüsusilə də iqtisadiyyat, ticarət, energetika, o cümlədən alternativ və bərpaolunan enerji, humanitar və digər sahələr üzrə inkişafına böyük əhəmiyyət verildiyi vurğulanıb. Bu ilin aprelində bakıya səfər edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə Prezident İlham Əliyev arasında mühüm danışıqlar aparılıb. Azərbaycanın dövlət başçısı ötən ilin apredində Berlində səfərdə olub və səfər çərçivəsində keçirilən görüşlər ikitərəli əlaqlərin inkişafına yeni rəng qatıb.

Yeni əlaqələr formatı: Qərb Azərbaycanı mühüm tərəfdaş sayır

Vurğulandığı kimi, bütövlükdə Avropa ilə Azərbaycan arasında diplomatik əlaqələr uzun illər müxtəlif mərhələlərdən keçib. Vaxtilə Avropa Parlamentinin və bəzi Qərb institutlarının ölkəmizə qarşı qərəzli mövqeləri, xüsusən Ermənistan-Azərbaycan münaqişəsi dövründə birtərəfli yanaşmaları əməkdaşlıqda müəyyən gərginliklər yaradırdı. Lakin regionda reallıqların dəyişməsi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və Cənubi Qafqazda tamamilə yeni geosiyasi konfiqurasiyanın formalaşması Avropanın mövqeyində də ciddi transformasiya yaratdı. Bu gün Avropa artıq təkcə müşahidəçi yox, regionda sabitlik və sülh prosesinin formalaşmasında Bakının rolunu tanıyan tərəfdaş kimi çıxış edir. Bir sıra Avropa ölkələrinin rəhbərlərinin ard-arda Bakıya səfərləri, yüksək səviyyəli siyasi dialoq, təhlükəsizlik məsələlərində əməkdaşlıq təklifləri göstərir ki, Avropa reallıqlarla hesablaşmağa başlayıb. Azərbaycan regionda sülhün, kommunikasiyaların açılmasının, iqtisadi inteqrasiyanın aparıcı təşəbbüskarına çevrilib və Avropa bunu açıq şəkildə qəbul edir. Artıq Avropanın aparıcı institutları - Avropa İttifaqı Şurası, Avropa Komissiyası və başqa strukturlar Azərbaycanın mövqeyini nəzərə alan daha praqmatik xətt yürütməyə çalışırlar. Avropa ölkələri Azərbaycanla yeni hərbi-siyasi dialoq formatları, iqtisadi layihələr, enerji təhlükəsizliyi proqramları çərçivəsində əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır. Bu isə diplomatik əlaqələrin keyfiyyətində tamamilə yeni mərhələ yaradır.

Enerji əməkdaşlığı: Bakı Avropanın enerji xəritəsini formalaşdırır

Azərbaycan-Avropa münasibətlərinin ən güclü sütunlarından biri enerji əməkdaşlığıdır. Xüsusilə son 5 ildə Avropada enerji təhlükəsizliyi məsələsi ən strateji prioritetlərdən birinə çevrilib. Rusiya-Ukrayna müharibəsinin yaratdığı enerji böhranı Avropanı yeni mənbələr axtarmağa məcbur etdi. Bu vəziyyətdə Azərbaycanın rolu daha da artdı. Bakı təkcə ənənəvi qaz təchizatçısı kimi yox, həm də Qərbin enerji şaxələndirmə strategiyasının mərkəzi elementinə çevrilib. Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsində dönüş nöqtəsi oldu. Bu dəhliz Azərbaycan qazını Avropaya çatdırmaqla yanaşı həm də Qitənin enerji təhlükəsizliyi konsepsiyasının yeni bir atlasını formalaşdırdı. Bu gün Avropa ölkələrinin əksəriyyətinin enerji siyasətində Azərbaycanın payı fasiləsiz artır.

Yeni mərhələdə isə qarşıda daha geniş perspektivlər durur. Azərbaycan Avropanın yaşıl enerji keçidinə töhfə vermək üçün bərpa olunan enerji layihələrini genişləndirir. Xəzər dənizində qurulacaq külək enerjisi stansiyaları, Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılan “yaşıl enerji” zonası, həmçinin Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan elektrik xətti layihəsi Avropanın gələcək enerji xəritəsində Bakını daha da vacib oyunçuya çevirir. Bu əməkdaşlıq qarşılıqlı siyasi etimada əsaslanır. Avropa yaxşı bilir ki, Azərbaycan öz öhdəliklərini ardıcıl şəkildə yerinə yetirir, razılaşdırılmış enerji həcmlərini vaxtında təmin edir və enerji təchizatında heç vaxt problem yaratmır. Avropanın enerji agentlikləri dəfələrlə bildiriblər ki, Azərbaycanın sabitliyi və siyasi iradəsi olmadan Avropanın enerji təhlükəsizliyindən danışmaq mümkün deyil.

Zəngəzur dəhlizi (TRIPP) faktoru: Şərq-qərb logistikasının yeni trendi...

Azərbaycanın köhnə qitə ilə münasibətlərində Zəngəzur dəhlizi (TRIPP) yeni bir trendə çevrilir. Bu dəhliz regional nəqliyyat layihəsi olmaqla yanaşı, Avrasiyanın yeni iqtisadi xəritəsini formalaşdıracaq strateji koridor kimi qiymətləndirilir. Dəhliz açılması Avropanın iqtisadi strategiyasına ciddi təsir göstərəcək. Nəzərə alsaq ki, son 3 ildə Avropanın siyasi-iqtisadi vəziyyətində əvvəlki dövrlərlə müqayisədə geriləmələr müşahidə olunur, yeni inkişaf impulsun formalaşmasında Zəngəzur dəhlizi (TRIPP) əsaslı rol oynaya bilər. Dəhliz Avropaya Mərkəzi Asiya bazarlarına sürətli çıxış, Çin ilə ticarət marşrutunun qısalması, Yaxın Şərqə logistik inteqrasiyanın möhkəmlənməsi kimi imkanlar açır.

Azərbaycan və Türkiyənin bu layihədə aparıcı mövqeyi Avropa üçün çox önəmlidir. Çünki Avropa yaxşı anlayır ki, yeni geoiqtisadi dövrün açarı məhz türk dünyasının ortaq logistik şəbəkəsindən keçir. Türk Dövlətləri Təşkilatı sürətlə güclənir, Birlik daxilində iqtisadi və nəqliyyat əlaqələri genişlənir və bu proses tədricən Avropanın da maraq dairəsinə çevrilir.

Avropa üçün Zəngəzur dəhlizi (TRIPP) həm də siyasi əhəmiyyət daşıyır. Çünki bu dəhliz Cənubi Qafqazda sabitliyi möhkəmləndirir. Avropa regionda yaranan dinamikanın bir parçasına çevrilməyə çalışır və bunun üçün Bakıya ehtiyac duyur. Bütün bunlar Avropanın Azərbaycanla əməkdaşlığı yeni mərhələyə daşımaq niyyətini daha da gücləndirir.

Qafqazın mərkəzindən Avropanın gündəminə...

Mövcud geosiyasi reallıqlar bir daha göstərir ki, Azərbaycan artıq təkcə regional aktor deyil, Avropa üçün strateji əhəmiyyət daşıyan tərəfdaşa çevrilib. Siyasi-iqtisadi dialoqun intensivləşməsi, enerji əməkdaşlığının genişlənməsi, nəqliyyat-logistika layihələrində Bakının aparıcı rolu Azərbaycanın beynəlxalq statusunu yeni mərhələyə yüksəldib. Regionda sülh prosesinin təşəbbüskarı, Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzi, Avropanın enerji təhlükəsizliyinin dayağı kimi Bakı Avropanın strateji xəritəsində xüsusi yer tutur. Bu gün Avropadan Bakıya artan müraciətlər, intensivləşən danışıqlar və genişlənən strateji əməkdaşlıq xətti təsdiq edir ki, Azərbaycan artıq qlobal proseslərin mərkəzində dayanan aktordur. Köhnə qitə də bu reallığı qəbul edir.

Pərviz SADAYOĞLU

Избранный
15
yeniazerbaycan.com

1Источники