RU

Avropa ilə dialoqda yeni çalarlar: Bakı əməkdaşlığı dərinləşdirməyi təklif edir

Avropa ilə dialoqda yeni çalarlar: Bakı əməkdaşlığı dərinləşdirməyi təklif edir Azərbaycan ilə Avropa İttifaqı arasında dialoq uzun müddət Ermənistanla bağlı ərazi mübahisəsinə fokuslansa da, bölgədə sülhün təmin edilməsindən sonra əməkdaşlığın əsas istiqaməti dəyişib. İndi iqtisadi sahələr ön plana çıxıb.

Far.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Cənubi Qafqazda Azərbaycanın sülh gündəliyinin yaratdığı reallıqlar artıq özünün ilkin nəticələrini verməkdədir. Bakının bölgədə sabitlik, iqtisadi inkişaf və inteqrasiya, kommunikasiyaların açılmasına istiqamətlənən addımları vaxtilə münaqişənin yaratdığı maneələri sıradan çıxarır. Bunun məntiqi nəticəsi olaraq, dünyanın bir çox güc mərkəzləri mövcud beynəlxalq vəziyyət fonunda Cənubi Qafqazın, xüsusilə də Azərbaycanın getdikcə artan əhəmiyyətini xüsusi vurğulayır.

İqtisadi sahələr ön plana çıxıb

Bu məqamlar Azərbaycan-Avropa İttifaqı (Aİ), Bakı-Vaşinqton münasibətlərində özünü daha qabarıq büruzə verir. Məlumdur ki, Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olması Bakının xarici siyasət kursunda Brüssellə münasibətlərin inkişafını prioritet edir. Lakin beş il əvvəllə müqayisədə bu əməkdaşlıq özündə yeni çalarları birləşdirir.

Almaniya Kansleri Fridrix Mertslə Azərbaycan Prezidenti İlham Əliyev arasında reallaşan telefon danışığında da qarşılıqlı əməkdaşlıq məsələlərinə toxunulub. Fridrix Merts, ilk növbədə, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb, Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb. Kansler Fridrix Merts İlham Əliyevi Almaniyaya səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən Prezident İlham Əliyev öz növbəsində Almaniya Kanslerini Azərbaycana səfərə dəvət edib. Fridrix Merts də dəvəti məmnunluqla qəbul edib. Göründüyü kimi, Aİ-nin ən böyük iqtisadi gücü ilə reallaşan dialoq da Azərbaycanın Avropa üçün artan marağından xəbər verir.

Bakı-Brüssel əməkdaşlığında yeni prioritetlərin meydana çıxması faktı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Brussels Signal" portalında dərc edilən fikirlərində də öz əksini tapıb. "Azərbaycan ilə Avropa İttifaqı arasında dialoq uzun müddət Ermənistanla bağlı ərazi mübahisəsinə fokuslansa da, bölgədə sülhün təmin edilməsindən sonra əməkdaşlığın əsas istiqaməti dəyişib və iqtisadi sahələr ön plana çıxıb", - deyə H.Hacıyev bildirib.

Bakı əməkdaşlığı dərinləşdirməyi təklif edir

Göründüyü kimi, indi Aİ-Azərbaycan əməkdaşlığı hər iki tərəfin maraqlarına cavab verən məqamlar üzərində qurulmaqdadır. Bəs hazırda tərəflər arasında sıx əməkdaşlığı zəruri edən məqamlar nədir?

Təbii ki, ilk növbədə enerji təhlükəsizliyi amili. Azərbaycanın uzun illər Avropanın bu sahədə əsas etibarlı tərəfdaşı olması əsas vurğunu məhz bu amilə yönəldir. Bakının təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələri özündə birləşdirən Cənub Enerji Dəhlizi hazırda Aİ üçün strateji əhəmiyyətə malikdir. Bakı bu istiqamətdə Brüssellə əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunun mesajlarını da çatdırır. H.Hacıyev Brüsseldə "EU Today"ə müsahibəsində qeyd edir ki, Azərbaycan Aİ ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır.

Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa maliyyə institutlarına qaz infrastrukturu məsələlərində daha çox çeviklik göstərmək çağırışlarını da dəstəkləyir.

H.Hacıyev bildirib ki, Trans-Adriatik Boru Kəmərinin və əlaqədar infrastrukturun daha da genişləndirilməsi Avropa tərəfindən "səmimi maraq" və uzunmüddətli müqavilə öhdəliklərinin olması halında mümkün olacaq.

Bərpaolunan enerji layihələri

Qarşılıqlı iqtisadi tərəfdaşlıqda digər mühüm məqam bərpaolunan enerji ilə bağlıdır. Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda təxminən 135 giqavat, dənizdə isə, əsasən Xəzər dənizində, 157 giqavat olaraq qiymətləndirilir. Prezident İlham Əliyev 2030-cu ilə qədər təxminən 6 giqavat bərpaolunan enerji gücünə (günəş və külək elektrik enerjisi) nail olmaq hədəfini elan edib. Artıq planlaşdırılan layihələrin təxminən 10 giqavatını əhatə edən müqavilələr və memorandumlar imzalanıb. Bu mənbələrdən əldə ediləcək elektrik enerjisinin Avropaya nəqli ilə bağlı ilkin anlaşmalar da artıq imzalanıb. Sözügedən sahə Aİ üçün də prioritet təşkil etdiyi üçün əməkdaşlıq perspektivləri yüksək qiymətləndirilir. Bunun məntiqi davamı olaraq, Aİ Gürcüstan-Rumıniya "Qara dəniz İnterkonnektor Kabeli" layihəsini ümumi maraq doğuran layihə (PCI - Projects of Common Interest) və qarşılıqlı maraq layihəsi (PMI - Projects of Mutual Interest) siyahısına daxil edib. Bu, o anlama gəlir ki, həmin layihələr Aİ-nin "Connecting Europe Facility" (Avropanı Birləşdirən Mexanizm) çərçivəsində maliyyələşmə üçün müraciət edə biləcək və icazə-tənzimləmə proseslərinin sürətləndirilməsi kimi üstünlüklərdən yararlanacaq.

Избранный
21
2
far.az

3Источники