RU

Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyev rayonun payını yeyib, biznesinin dalınca getdi » AzadMedia.az


Qubanın sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən illər boyu ayrılan vəsaitlərin talan edilməsi ilə bağlı faktlar artıq bir-bir üzə çıxır. Bu faktların mərkəzində isə Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyev dayanır. O, vəzifədə olduğu dövrdə rayonun inkişafına yönəlmiş maliyyə axınlarının böyük hissəsini şəxsi maraqlarına yönəltməsi barədə kifayət qədər ciddi iddialarla yadda qalıb.

Son ortaya çıxan sənədlər isə bu iddiaların təsadüfi olmadığını bir daha göstərir. Belə ki, Ziyəddin Əliyevin Ukraynanın Lvov vilayətində fəaliyyət göstərən “Alov” asfalt zavodunun benefisiar sahibi olduğunu təsdiqləyən daha bir rəsmi sənəd üzə çıxıb. Bu, onun illər ərzində vəzifədə otura-otura paralel biznes imperiyası qurduğunu, vəzifəsinin yaratdığı imkanlardan şəxsi sərvət toplamaq üçün istifadə etdiyini açıq şəkildə göstərir.

Rayonun yol infrastrukturu, kəndlərin abadlaşdırılması, sosial obyektlərin tikintisi üçün ayrılan milyonlarla manatın talan edilməsi barədə vətəndaşların illərdir davam edən şikayətləri də bu mənzərənin tamamlayıcı hissəsidir. Qubanın payına düşən inkişaf büdcəsi, sözün həqiqi mənasında, xımır-xımır yeyilib, nəticədə rayonun bir çox kəndləri illərlə yol, su, sosial infrastruktur problemləri ilə üz-üzə qalıb.

Ziyəddin Əliyevin rəhbərlik etdiyi dövrdə Qubada həyata keçirilməli olan layihələrin əksəriyyətinin ya kağız üzərində qalması, ya da keyfiyyətsiz icra olunması bu gün də aydın görünür. Bunun təsadüfi olmadığı, məhz büdcə pullarının şəxsi bizneslərə yönləndirilməsi ilə bağlı olduğu artıq gizlədilə bilmir.

Ukraynada asfalt zavodu sahibi olan icra başçısı reallığı – Azərbaycanın uzun illər əziyyət çəkdiyi korrupsiya idarəetməsi nümunəsidir. Bu, təkcə bir məmurun talanı deyil, həm də bir rayonun illərini oğurlayan sistem düşüncəsinin bariz göstəricisidir.

Bu gün ortaya çıxan sənədlər bir daha göstərir ki, Quba kimi strateji bir regionun inkişafı naminə ayrılmış dövlət vəsaitləri şəxsi rifah naminə qurban verilib. Ziyəddin Əliyev isə bütün bunlardan sonra biznesinin arxasınca səhnəni tərk edib.

Qubanın inkişafının qarşısını alan, dövlətin etimadını tapdalayan bu fəaliyyətlər artıq yalnız ictimai qınaq predmeti deyil, həm də hüquqi qiymət tələb edən faktlardır.
Görəsən Ziyəddindən ayın neçəsi olduğu soruşuldumu, soruşulacaqmı?
Qeyd: Məqalədə xaricdə yaşayan bloger Cavanşir Həsənlinin fb paylaşımından istifadə edilib.
Избранный
39
1
azadmedia.az

2Источники