RU

Deputat: "Tramp administrasiyası Zəngəzur dəhlizinin açılmasına maraqlıdır"

"Hazırda regionumuz və ölkəmizlə bağlı baş verən prosesləri tarixi hadisə adlandıra bilərik. Çünki Cənubi Qafqaz sülh və əməkdaşlıq üçün yeni tarixi mərhələ astanasındadır. Azərbaycan Ermənistanın 30 illik işğal siyasətinə öz gücü ilə son qoyub. Bundan sonra isə bölgədə yeni səhifə açılmalıdır. Bu baxımdan, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqton razılaşması böyük əhəmiyyət kəsb edir".

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Donald Trampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərində müsbət dinamika müşahidə olunur. Bayden administrasiyası dövründə gərginləşən ikitərəfli əlaqələr, hazırda qarşılıqlı etimad və siyasi dialoq əsasında yenidən canlanır. 8 avqust razılaşması da Azərbaycanın qlobal siyasi proseslərdə prinsipial mövqe nümayiş etdirən diplomatik xəttinin davamıdır. Trampın Prezidentimizə məktubu isə ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunduğunun növbəti təsdiqidir. Bu məktub yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionda sabitlik və əməkdaşlıq perspektivlərinə təsir göstərə bilər. Çox təqdirəlayiqdir ki, Tramp Azərbaycana qarşı yönəlmiş 907-ci düzəlişin icrasının dayandırılması haqqında da qərar verib. Bu qərar ölkəmizə qarşı ədalətsiz yanaşmanı ortadan qaldırır.

Millət vəkilinin sözlərinə görə, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün münbit şərait yaranıb. İndiyədək müəyyən beynəlxalq aktorların Azərbaycan və Ermənistan arasında vasitəçilik təşəbbüsləri konkret nəticə verməyib. Tərəflər yalnız ikitərəfli platforma çərçivəsində irəliləyiş əldə ediblər. Bu ilin əvvəlində tərəflərin sülh sazişinin mətnini razılaşdırması məhz ikitərəfli danışıqlar nəticəsində əldə olunub. Bununla belə, Prezident Trampın vasitəçiliyi də müsbət nəticə verdi və tərəflər Vaşinqtonda razılaşma imzaladılar. Digər tərəfdən, Qərbin enerji və nəqliyyat dəhlizlərinə marağının yüksəlməsi ABŞ-a da proseslərə daha fəal qoşulmaq şansı yaradıb. Bayden administrasiyası dövründə Vaşinqton bir sıra vasitəçilik təşəbbüsləri göstərsə də, ermənipərəst mövqe sərgilənməsi həmin təşəbbüslərin fiaskosuna səbəb oldu. Lakin hazırda Tramp administrasiyası fərqli mövqe nümayiş etdirir. Bu gün rəsmi Vaşinqton Cənubi Qafqazda sülhün tezliklə əldə olunmasının tərəfdarıdır. Eyni zamanda, Tramp administrasiyası Zəngəzur dəhlizinin də açılmasına maraqlıdır.

Избранный
37
publika.az

1Источники