Gələn il Azərbaycan Kitab Mükafatı elan olunacaq. Bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib.
Prezident Fərmanı ilə təsdiqlənəcək mükafat üzrə bir nəfər laureat seçiləcək və qalibə 50 min manat pul mükafatı ilə yanaşı, diplom və döş nişanı təqdim olunacaq. Qalib əsər 3000 tirajla çap ediləcək, 4 dilə tərcümə olunacaq və iki ölkədə yayımlanacaq. Yeni mükafat Dövlət mükafatının ədəbiyyat kateqoriyasını əvəz edəcək.
Modern.az təsis ediləcək mükafatla bağlı yazarların fikirlərini öyrənib.
Şərif Ağayar əvvəl də bu cür mükafatın təssis olunacağı müzakirə edildiyini və o müzakirələrdə iştirak etdərək təkliflər veridyini bildirib:
“Belə bir dövlət mükafatının olmasını alqışlayıram. Ancaq o vaxt məsələ müzakirə olunanda da mən söylədim ki, mükafatı təsis eləməklə və onun mükafat fondunu yüksək qoymaqla deyil. Azərbaycanda əsas problem obyektivliyi təmin etməkdir. Yəni istəyirsiniz, 100 min mükafat ayrılsın yenə də ilkin müsabiqədə obyektivlik pozulsa, nüfuzdan düşəcək. Mən arzu eləyirəm ki, obyektivliyi saxlaya bilsinlər. Ən vacib məsələ budur”.
Onun sözlərinə görə mükafatın kifayət qədər yüksək olması sevindirici haldır.
“Bu, ədəbiyyata verilən qiymətdir. Və ümid eləyirəm ki, gənclər arasında yazmaq ənənəsini daha da gücləndirəcək, onları həvəsləndirəcək. Bu, ciddi məsələdir”.
Yazıçı hazırda üzərində işlədiyi əsərlər haqqında da danışaraq həmin əsərləri müsabiqəyə təqdim edib-etməyəcəyi ilə bağlı suallımız da cavablandırıb:
“Mən heç vaxt bikar qalan adam deyiləm. Həmişə nəsə yazıram. İşləyirəm, yazmasam belə düşünürəm, kombinasiyalar hazırlayıram, planlar qururam. Yenə də Qayıdışla bağlı nəzərimdə bir roman var. Ola bilər, povest olsun, hələ tam dəqiqləşdirməmişəm. Yığcam da olsa, bir roman olacaq. Onun üzərində işləyirəm. Ancaq bu plan mükafat təsisatına görə deyil. Çoxdan nəzərimdə var idi. Bir də hekayə üzərində işləyirəm. Daha doğrusu, beynimdə dolanır, ilkin qeydlərini aparıram” .
Şərif Ağayar bundan əvvəl “Arzulardan sonrakı şəhər” romanına görə Mədəniyyət Nazirliyi tərəfindən təssis edilən “Qızıl Kəlmə” mükafatını “İlin ən yaxşı romanı” nominasiyası üzrə alıb.
“Ümid edirəm ki, obyektivlik təmin olunacaq. Ən böyük məsələ də budur. Və bütün hallarda alqışa layiq addımdır. Həm yazanlara, həm də Mədəniyyət Nazirliyinə uğurlar arzulayıram” – deyə yazıçı sonda bildirib.
Nihat Pir Mədəniyyət Nazirliyinin bu addımını yazarlar üçün böyük motivasiya olduğunu bildirib:
“Düzü, mən hələ kitab müəllifi deyiləm, amma elə bunun əsas səbəblərindən biri, bəlkə də, birincisi motivasiyamın olmamasıdır. Hazırda ölkədə, sosial mediada ən tanınan və yaxşı imza dediyimiz adamlar 300-500 tirajı zorla satırlar, çox vaxt heç sata da bilmirlər. Bu da təbliğatın pis aparılmasından, lap dəqiq desək, ümumiyyətlə, aparılmamasından irəli gəlir. Və eyni zamanda müəlliflərimizdə bu laqeyd münasibət küskülük də yaratmışdı. Bir növ, adam özünü lazımsız hiss edirdi. “Sənin mətnin kimə lazımdır?” “Kim üçün yazırsan sən?” sualları adamı narahat edirdi”.
Azərbaycan Kitab Mükafatının təsis edilməsi artıq kitaba, ədəbiyyata sahib çıxmaqdır:
“Yaxşı müəllifə, keyfiyyətli əsərə qucaq açmaqdır. Bunu dövlət etməli idi və etdi, indi qalır müəlliflərin özünü doğrultması… Hesab edirəm ki, Azərbaycanda bu konteksdə özünü doğrulda biləcək, həqiqətən də, baş mükafata sahib çıxacaq mətn hasil edəcək ciddi müəlliflərimiz var. Təəssüfedici məqam odur ki, oxucu bu müəlliflərin çoxunu tanımır, mətninə bələd deyil, imzası ilə rastlaşmayıb. Bu mükafat, mükafata gedən yol həm də həmin müəllifləri önə çıxaracaq, oxucu-müəllif bağını yaradacaq”.
Nihat Pirin sözlərinə görə, müəllif-nəşriyyat xəttinin normal əsasla təsis edilməsi üçün də mükafat yaxşı şeylər vəd edir.
“Biz bilirik ki, Azərbaycandakı nəşriyyatlar daha çox mətbəə rolundadır. Amma bu mükafat həm də nəşriyyatların özünütəsdiqi, müəllif axtarışı baxımından da yaxşı şeylər vəd edir”.
“Mənə gəldikdə isə, mən hələlik kitab müəllifi deyiləm. Amma, şübhəsiz, artıq zaman yetişib, hələ bir az gecikmiş də sayılıram. Belə başa düşdüm ki, mükafat üçün müraciət gələn ilin sentyabrında olacaq, bu baxımdan, ona qədər oraya təqdim edə biləcəyim kitabımın olacağını düşünürəm. Hər halda, əsas odur ki, bu addımda qazanan kitabdır, qazanan ədəbiyyatdır”- deyə o sonda qeyd edib
Gənc yazar Həmid Piriyev bu təşəbbüsü sevindirici və alqışlanası addım kimi qiymətləndirib:
“Bu mükafatın istənilən halda ədəbiyyatın xeyrinə olacağını düşünürəm. Çünki ən azı, yeni əsərlərin yazılmasına, çap edilməsinə yol açacaq. Üstəlik, müəlliflərin məsuliyyətini artıracaq. Bu da öz növbəsində rəqabətin artmasına səbəb olacaq. İllərdir hökm sürən durğunluğun az da olsa, aradan qalxacağını düşünürəm”.
Öz iştirakıma qalanda, bir neçə ildir üstündə işlədiyim bir mətn var. Onu tamamlaya bilsəm, iştirak etmək istəyərəm:
“Amma mükafat haqda xəbərdə mənim üçün qaranlıq qalan bir neçə məqam oldu. Xəbərdən belə başa düşdüm ki, əsərləri müəllif yox, nəşriyyatlar təqdim edəcək, amma mükafat yazara təqdim olunacaq. Məncə, bu məqam dəqiqləşdirilməlidir, çünki bu hal əsər mükafat qazanacağı təqdirdə müəlliflə nəşriyyat arasında fikir ayrı-seçkiliyinin yaranmasına səbəb olacaq. Nəşrlə bağlı bir məqam da diqqətimi çəkdi. Seçilən əsərin 3000 tirajla çap olunacağı qeyd edilib, amma əsəri nəşriyyat təqdim edirsə, demək, kitab artıq çap olunub. Bu məqam da dəqiqləşdirilməlidir. Əgər nəşriyyat çapa qəbul etdiyi, amma hələ çap etmədiyi iki əsəri təqdim edəcəksə, bu, elanda qeyd edilməlidir. Başqa bir qaranlıq məqam, qalib əsərin iki ölkədə çap olunacağı və dörd dilə tərcümə ediləcəyi məqamıdır. Bu necə olacaq? Hərəsində iki dildə olmaqla iki ölkədə çap oluanacaq, yoxsa, tərcümə edildiyi dillərdən cəmisi ikisində çap olunacaq, ikisi isə çap olunmayacaq? Fikrimcə, bu cür indi xırda görünsə də, gələcəkdə qarışıqlığa səbəb ola biləcək məqamlar indidən tənzimlənib yoluna qoyulmalıdır. İstənilən halda, bayaq da dediyim kimi, bu mükafatın milli ədəbiyyatımızın inkişafına təkan verəcəyinə inanıram” - o qeyd edib.