RU

Tarix bizi çağırır: Biz qayıdırıq! Sözümüzdə qətiyyət, ruhumuzda qələbə!




Qərbi Azərbaycan – bu, sadəcə bir coğrafi ad deyil, bu, min illər boyu xalqımızın qanı, canı, alın təri ilə yoğrulmuş, hər daşına, hər ovuc torpağına ruhumuz hopmuş müqəddəs, qədim yurd yerlərimizin döyünən ürəyidir! Bu torpaqlar bizim tariximizin canlı salnaməsi, mədəniyyətimizin tükənməz qaynağı, milli kimliyimizin ayrılmaz və əbədi parçasıdır!
Zorakılıqla, qanlı deportasiyalarla, amansız etnik təmizləmələrlə bizi bu cənnət məkandan didərgin salmağa, uzaqlaşdırmağa çalışsalar da, Ulu Öndər Heydər Əliyevin də dediyi kimi: "Hər bir azərbaycanlı özünün milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir." Bu qürur hissi, o yurdların adını, cismini nə yaddaşımızdan, nə də ruhumuzdan silməyə imkan vermədi! O torpaqlar bizə yad ola bilməzdi, çünki orada qalan hər ocaq bizim mənəvi evimiz, hər axar çeşmə bizim təmizliyimiz, ucalan məscidlərimiz isə bizim iman yerimiz idi! O müqəddəs Vətən parçası babalarımızın ayaq izləri, nənələrimizin göz yaşları ilə, laylası, sazımızın yanıqlı səsi ilə yoğrulmuşdu.
Tarixi yaddaş bir millətin ölməməsidir, onun əbədiyyətə qovuşmasıdır! Biz Qərbi Azərbaycanın unudulmaz yaddaşını sözümüzlə, sazımızın yanğısı ilə, nağıllarımızla, dastanlarımızla, həsrət dolu, ürək dağlayan bayatılarımızla qoruduq, nəsildən-nəslə ötürdük! Bizim yaddaşımızda o yurdların hər dağı bir dastan, hər dərəsi bir nağıl idi.


Prezident İlham Əliyevin 5 dekabr 2025-ci il tarixli bəyanatı bu əbədi yaddaşın artıq yeni, şanlı bir mərhələyə qədəm qoyduğuna şahidlik etdi. Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi: "Biz heç vaxt öz tarixi torpaqlarımızı unutmayacağıq. Bizim qayıdışımız labüddür." Bu bəyanat dövlətin sarsılmaz siyasi iradəsini, xalqın əyilməz mənəvi gücünü və beynəlxalq hüququn zəmanəti ilə haqlı mövqeyimizin bu əzəli qayıdışın gerçəkliyə çevriləcəyini bəyan edir! Qayıdış artıq şirin xəyallarda deyil – o, bizim gələcək planlarımızda, gündəliyimizdə, fəaliyyətimizdədir!
Biz kimliyini itirməyən, keçmişini unutmayan, gələcəyini isə qurmaq əzmində olan qəhrəman xalqıq! Bu torpaqlara qayıdış yalnız fiziki olaraq dönmək deyil, orada yenidən həyatı dirçəltmək, çiçəkləndirmək, məhv edilmiş izləri bərpa etməkdir! Babalarımızın tikdiyi evləri biz – onların qürurlu nəvələri yenidən inşa edəcəyik!
Sazımız yenə titrəyəcək o yurdların dağlarında, muğamımızın ilahi səsi daşdan-daşa, dərədən-dərəyə yenidən yayılacaq! Uşaq gülüşləri, ana laylası, qocaların xeyir-dua duaları yenidən Qərbi Azərbaycanın isti ocaqlarında eşidiləcək!
Ulu Öndər Heydər Əliyev deyirdi: "Bizim qüdrətimiz birliyimizdədir!"
Bu birliklə, bu qüdrətlə biz quracağıq, biz yaradacağıq! Bizim səsimiz – haqqın, ədalətin zəfər səsi o torpaqlarda yenidən gurlaşacaq! Qərbi Azərbaycanın səsi yenidən yüksələcək – kamança səsləri, tarın avazı, aşıq havaları, xalq nəğmələri o dağlarda, o yamaclarda yenə oxunacaq!
Yaddaşın üzərinə düşən, illərin vurduğu toz silinəcək, unudulmuş izlər yenidən canlanacaq. Bu, bizim milli varlığımızın böyük Zəfəridir, yenidən ayağa qalxmasıdır!
Unutmayaq: tarixi yaddaş silinməzdir! Hər bir dağ, hər bir bulaq, hər bir daş – bizimdir! Bizim haqqımızdır! Və biz bu haqqı təkcə tələb etmirik – biz bu haqqı qazanırıq, geri alırıq!
Tarix bizi çağırır – biz cavab veririk!
Kimliyimiz bizi çağırır – Biz qayıdırıq!
Qərbi Azərbaycan – bizimdir! Yaddaşımız qədər, sazımız qədər, sözümüz qədər bizimdir!
Və biz yenidən o torpaqlarda sözümüzü deyəcək, musiqimizi səsləndirəcək, böyük, şanlı həyatımızı quracağıq!

Turanə Orucova.
İncəsənətin Tərəqqisinə Dəstək İB-Sədri




Избранный
17
aia.az

1Источники