RU

Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər


Daxili  İşlər Nazirliyinin yaydığı bu xəbəri rahatlıqla ölkədə dələduzluq cinayətlərinin epidemiya halında yayılmasının təsdiqi kimi qəbul etmək olar. Belə məlum olur ki, polis əməkdaşları cəmi 3 gün ərzində - 5,6,7 dekabr 2025-ci il tarixlərində dələduzluğa görə axtarışda olan 20 nəfəri saxlayaraq istintaqa təhvil verib. Əla, polis öz işini görüb.

Bəs polis dələduzları tutursa, ölkədə cinayətkarlığın bu növü niyə çiçəklənir?

Musavat.com xəbər verir ki, bu araşdırma son illərin ən qalmaqallı dələduzluq işlərindən biri olan, sabiq deputat, eks-səfir Elmira Axundovanın yaxın adamı Elnur İbrahimovun işi üzərindən həmin problemin köklərinə işıq salmaq cəhdidir.

8 milyonluq dələduzluq necə baş verib?


2013-cü ildə, o zaman deputat olan Elmira Axundovanın Bakıdakı evində məclis qurulur. Elmira Axundova məclis iştirakçılarına müraciətlə oğlu Həbib Axundovun onun xeyir-duası və birbaşa iştirakı ilə iş qurduğunu açıqlayıb. Deyib ki, Həbib Axundov Dubaydan Azərbaycana dəftərxana malları gətirib müxtəlif dövlət qurumlarına satacaq. Əldə edilən gəlirdən biznes ortaqlarına şirkətə qoyduqları pullara görə dividend veriləcək. Deputata inanan qonaqları beləcə onun oğlu Həbib Axundova müxtəlif məbləğlərdə biznesə yatırmaq üçün pul veriblər.

O zaman Elnur İbrahimov Həbib Axundovun göstərişlərinin icraçısı rolunda olub. Beləcə Axundovanın evində qurulan, sözdə var olan, faktiki isə olmayan “biznes”ə 8 milyon manatdan artıq vəsait toplanıb. Pulları Axundovanın çağırışı ilə onun oğlu Həbib Axundova və Elnur İbrahimova verənlərə 2-3 ay dividend verilib. Sonradan isə dividend verilişi dayandırılıb və Elmira Axundova “biznes ruxnul” deməklə yaxasını kənara çəkməyə başlayıb.

Məlum olub ki, Elmira Axundovanın dediyi biznes ümumiyyətlə olmayıb, onun oğlu və Elnur İbrahimov Dubaydan Azərbaycana hər hansı bir dəftərxana malları da gətirməyiblər. Bu, sadəcə çoxlu pul toplamaq üçün uydurulmuş bir əfsanə olub, faktiki olaraq biznes olmayıb. Şirkətdən dividend olaraq verilən pullar da elə bu adla vətəndaşlardan toplanılan vəsaitlərdən verilib. Yəni dost-tanışdan külli miqdarda pul yığılıb, həmin pullardan qəpik-quruşu biznesdən gəlir adı ilə onlara qaytarıb biznesin olduğuna inandırıblar. Dividend verilməsi dayandırılandan sonra adamlar aldadıldıqlarını anlayıblar. Məsələ böyüyüb, zərərçəkənlər pullarını tələb etməyə başlayıblar.

2013-cü ilin avqustunda Elnur İbrahimov Həbib Axundovun müşayiəti ilə Qəbələyə Elmira Axundovanın yanına aparılıb. Bundan sonra deputat aldadılan şəxslərə vəd edib ki, hər kəsin pulları geri qaytarılacaq. Bu vəddən sonra isə Elnur İbrahimov ölkədən qaçırılıb. Gürcüstana, oradan isə Rusiyaya keçib. Bu qaçışdan sonra zərərçəkənlər hüquq-mühafizə orqanına üz tutmaqla Həbib Axundovun ailəvi dostu Elnur İbrahimovun saxlanılaraq istintaqa cəlb edilməsi üçün hərəkətə keçiblər. 3 il İnterpol xətti ilə axtarışda olan Elnur İbrahimov nəhayətdə Moskvada tutulub, ölkəyə gətirilib.

31 yanvar 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Elnur İbrahimovu Cinayət Məcəlləsinin 178.3.2 - külli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edir. Məhkəmə zərərçəkmiş Fərman Məmmədovun 350 min manatlıq mülki iddiasını təmin etsə də, daha vacib detala – Elmira və Həbib Axundovlarla bağlı təqdim olunan sənədlərə, sübutlara, səs yazılarına hüquqi qiymət vermir. Bu, işin gedişində ilk hüquqi qaranlıqlardan biri idi və dələduzluğun himayə olunması istiqamətində ilk addım idi.

Elmira Axundovanın oğlu və 55 minlik sirli ödəniş

Elnur İbrahimovun həbsindən sonra üzə çıxan faktlardan biri də bu idi ki, o, cəzaçəkmə müəssisəsində olduğu müddətdə mülki iddiaçı olan zərərçəkmişə 1 manat belə ödəməyib. Amma mülki iddiaçı olmayan Həbib Axundova 55 min manat ödəniş edib!

Bu ödəniş nə üçün edilmişdi? Nəyi kompensasiya edirdi? Niyə mülki iddiası olan zərərçəkmişə deyil, Elnurun yaxın dairəsinə ödənib? Ümumiyyətlə, ödəniş olubmu? Yoxsa bu, sırf məhkəməni aldatmaq üçün formal bir sənəd olub?

Bu sualların heç birinə məhkəmə prosesi zamanı cavab verilməyib. Sanki işin bu hissəsi hakimlər üçün toxunulmaz sayılıb.

6 saylı Cəzaçəkmə Müəssisəsi dələduz üçün məhkəməyə pas atır və hakim “gül” vuran qərar çıxarır

Araşdırmamızın ən qalmaqallı hissəsi Elnur İbrahimovun vaxtından əvvəl azad olunmasına yol açan Nizami Məhkəməsinin bədnam hakimi Nigar Qədirlinin imzaladığı qərarda yer alır. Təsəvvür edin ki, 6 saylı Cəzaçəkmə Müəssisəsi dələduz Elnur İbrahimovun islah olunması görüntüsü yaratmaq üçün belə bir mülahizə yazır:

- Məhkum Elnur İbrahimov dişlərini yuyur, arvadlı ilə telefonla danışır, özü yatır, özü də vaxtında yuxudan oyanıb yatağını yığışdırır. 2 dəfə də müəssisə rəhbərliyi yığışıb ona təşəkkür elan etmişik.

Buradakı ən ciddi nonsens bilirsiz hansıdır?

Həmin təşəkkürlərdən biri Elnur İbrahimovun saxlanıldığı müəssisədə ümumiyyətlə olmadığı dövrə aiddir! Adamı azad ediblər, ardından da təşəkkürnamə yazıblar!

Bu sənədləri imzalayanlar müəssisə rəisi Fariz Əliyev, tərbiyə işləri üzrə böyük inspektor Ziyadxan Eminov, rəis müavini Elçin İlyasovdur. İmzalar həqiqidir, faktlar isə absurdu xatırladır. Sanki Azərbaycan dövlətinin dələduzluq cinayəti törətmiş şəxsləri məhkum etməkdə məqsədi sırf belə zatların şəxsi sanitar-gigiyena məsələlərinə fikir vermələrinə hədəflənib.

Dişini yu, rahatlıqla dələduzluq elə!

Yatağını yığışdır, get 178-ci maddəni min, çap! Arvadınla vaxtı-vaxtında danış, özün yat, özün dur, kimə istəyirsən at və yaşa!

Məhkəməni gizli keçirməkdə məqsəd dələduzu rahat azad etmək olmayıb?

6 saylı Cəzaçəkmə Müəssisəsindən göndərilən sanitar-gigiyenik mülahizəni Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli oxuyub və sevincək olub. Tez-tələsik bu formal və ziddiyyətli mülahizəni “islah sübutu” kimi qəbul edib. Elnur İbrahimovun müəssisə növünü dəyişdirib və onu faktiki olaraq 1 il 3 ay cəzadan yayındırıb.

Bu biabırçı qərar qəbul edilərkən zərərçəkmişlərə məlumat verilməyib, mülki iddiaçının mövqeyi öyrənilməyib, Konstitusiyanın 60-cı maddəsinin tələbi nəzərə alınmayıb, Cinayət-Prosessual Məcəllənin müvafiq müddəaları pozulub, videokonfransla qərar verilməsi barədə hüquqi əsas təqdim olunmayıb.

Baş Prokurorluğun prokurorunun etirazı da hakim Nigar Qədirlini dələduzu azad etmək ehtirasından yayındıra bilməyib. 8 milyon manat “atan” Elnur İbrahimov tam gizli bir şəkildə açıb buraxıblar. Zərərçəkmişlər dələduzun tam qanunsuz bir şəkildə azad edilməsindən xəbər alandan sonra Bakı Apellyasiya Məhkəməsinə üz tutublar.

Zərərçəkmişlər Apellyasiya Məhkəməsində dələduzun “dayısı” olan hakimlə tanış olublar

Şikayət vermə müddətinin bərpasını, Nizami Rayon Məhkəməsinin qərarının ləğv edilməsini, Elnur İbrahimovun yenidən cəza çəkməyə qaytarılmasını tələb ediblər. Bu dəfə işə hakim Zəfər Əhmədovun sədrliyi ilə baxılıb. Elnur İbrahimov məhkəmə zalına gülə-gülə, 2 vəkilin iştirakı ilə, onlara hakimə işarə etməklə göz vurmaqla daxil olub. Sanki, zərərçəkmişdən savayı hər kəslə hesablaşdığını nümayiş etdirib. Beləcə hakim 3 dəqiqə proses keçirib, mülki iddiaçıya ulu öndər Heydər Əliyevdən belə sitat gətirməyə imkan verməyərək müşavirəyə qaçıb və həmin surətlə də geri qayıtmaqla Elnur İbrahimovun azadlığa çıxaran qanunsuz qərarı qüvvədə saxlayıb.

Maraqlıdır, görəsən, hakim Zəfər Əhmədov ölkədə dələduzluq cinayətləri niyə artıb sualına hansı cavabı verər? Və ya hakim Zəfər Əhmədov özü Elnur İbrahimovun iştirakçısı olduğu dələduzluq cinayətində 5 min 130 manat zərər çəksəydi, eyni qərarı verərdi?

Fərz edək ki, dələduz Elnur İbrahimov Nəsimi Məhkəməsinin hakimi Elməddin Hüseynova zərərçəkmişə vurduğu zərərdən 10 dəfə az - 51 min 300 manat ziyan vursaydı, hakim yenə də eyni qərarı çıxarırdı? Əlbəttə ki, yox! Bu dəqiqə Elnur İbrahimov qanunun ən sərt üzündən ötə qərarlarla üz-üzə idi. Yəni Azərbaycanda məhkəmələr zərərçəkmiş vətəndaşın yanında deyil, dələduzla eyni səngərdə dayanmaqda qərarlı görünürlər. Nəticə də göz qabağındadır - artıq polis ölkədə hər gün dəstə-dəstə dələduz tutur.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com


Избранный
20
nuh.az

1Источники