Balakən rayonunda kanat yolunun tikintisi üçün avadanlıqların alınması və çatdırılmasına 10 milyon 421 min 760 manat xərclənəcək.
Teleqraf-ın xəbərinə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı "ArchiCO" MMC ilə müqavilə bağlayıb.
Qeyd edək ki, layihələndirmə işlərinin icrasını da "ArchiCO Project" şirkəti icra edib. Bunun üçün AYNA şirkətə 1 milyon 209 min 500 manat ödəyib.
Xatırladaq ki, Prezident İlham Əliyevin Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı sərəncam imzalayıb. Bu məqsədlə 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat vəsait ayrılıb.
Onu da bildirək ki,"ArchiCO" MMC 2010-cu ildə yaradılıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin təsisçisi Məmməd Musayevdir.
MMC dövlət qurumlarının dəyəri milyonlarla manat olan çoxsaylı layihələrinin icraçısıdır. Hazırda Şuşa şəhərində yaşayış binaların tikintisi ilə də məşğuldur."ArchiCO” MMC 2022-ci ildə Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı 9,4 milyon manatlıq tender müsabiqəsində qalib olub. Tender müsabiqəsinin icrası 2025-ci ilin sonuna kimi davam edəcək.