Mahir QABİLOĞLU
“Ölünün də yiyəsi olmalıdır”. Atam bu misalı tez-tez çəkirdi. Söhbət mərhumun qəbirüstünə tez-tez getmək, Yasin, Quran oxutdurmaq, ehsan vermək, məclislərdə tez-tez adını çəkərək, qarşı tərəfdən “Allah rəhmət eləsin!” sözlərini cəzb etməkdən getmir. Bu bizim dini adət-ənənələrimizdir. Amma gündəlik həyatımızda bu adi qaydalara da rast gəlmirik. Nəinki nəvə-nəticə, oğul-qız da bir müddətdən sonra ölüsünü unudur. Ona görə də indi ailənin başçısı öləndə qəbiristanlıqda bir nəfərlik yox, çox adamlıq yer götürürlər. Ki, heç olmasa gələcəkdə kimsə ziyarətə gəlsə, o birilərin də qəbrinə gül qoysun, oxunan Yasindən hamısına pay düşsün.
Qısa izah-girişimdən başa düşdünüz ki, “Ölünün də yiyəsi olmalıdır” ifadəsinin hamıya aidiyyəti yoxdur. Seçilmişlərə, xalqı qarşısında xüsusi xidmətləri olan insanlara aid edilir. Bir də ki, dirilərin unudulduğu, adının belə çəkilmədiyi bir dövrdə kimdənsə yiyəlik tələb etmək... Hamının başı özünə qarışıb.
Millət vəkili, atamın dostu, “Uşaqlar”ın baş qəhrəmanı...
HAŞİYƏ: Modern.az saytında xüsusi şərhlə yayımladığım “Prezident Heydər Əliyevlə şair Qabilin zarafatları-1” videosuna (//modern.az/articles/68821/1/) çoxunuz baxmısınız. Xüsusilə də bu yeri:
“QABİL: Uşaqlar bir balaca süfrə açıblar. Gedək istəyirsiz.
HEYDƏR ƏLİYEV: Hardadır süfrə?
QABİL: İnturistin “mramornı” salonunda.
HEYDƏR ƏLİYEV: "Mramornı"? (Gülür)
QABİL: Gedəyin qutab-zad qoyublar. Qutab-zad bişirib uşaqlar. Başqa şey... Gedəy bir az oturağın. Bir yüz vurağın. 70 ildə bir dəfə olan şeydir də... Vaxtınız varsa, feyziyab olarıq. Hamınızı dəvət eləyirəm e... hamınızı. MƏNİM ÖZÜMÜ DƏ DƏVƏT ELƏYİBLƏR...” (SON)
... yəni ki, atamın 70 illik yubileyinin keçirildiyi Opera və Balet Teatrının icarə pulunu, mərasimdə çıxış edən artistlərin qonorarlarını, dəvətnamə çapını və ən nəhayət yubileydən sonrakı Təzə "İnturist"in "Mərmər zal"ındakı 120 nəfərlik ziyafətin xərcini boynuna götürən bakılı balası Eldar Quliyev Nuridə İsmayılzadənin yazdığı “İsa bəy Hacınski” Azərbaycan və rus dillərində monoqrafiyasını mənə təqdim edəndə ilk yadıma düşən bu misal oldu.
İkinici yadıma düşən isə “Adamı geyiminə görə qəbul edərlər, ağlına görə yola salarlar” deyimi idi. Son 10 ildə 19 kitab nəşr edən mən qalın cildi, cildin əlavə üst örtüyündəki fotonun lakla işlənməsini, "qlyansevı" bahalı kağızı, rəngli şəkilləri, 400 səhifəlik bir kitab-sənət əsərini görəndə ürəyim açıldı. Eldar müəllim onu da əlavə etdi ki, bəs noyabrın 21-də 5 ulduzlu "Bulvar otel"də kitabın təqdimatı olacaq, məni də dəvət edir. “Başüstə. Hökmən gələcəyəm” deyib otağından çıxdım. Amma yenə də maraqlı qaldım ki, bu kitabın Eldar müəllimə nə aidiyyatı? Düşündüm ki, yəqin qohumudur. Mən də bir qələm əhli kimi o tədbirdə çıxış etməli, kitab haqqında öz fikrimi bildirməliyəm.
Evə çatdım. Həmən kitabı əlimə götürüb varaqlamağa başladım. Elə ilk səhifədə “Monoqrafiyanın müəllifi İsa bəy Hacınskinin yaxın qohumu Eldar Quliyevə göstərdiyi maliyyə dəstəyinə görə öz minnətdarlığını bildirir” cümləsini oxuyanda Eldar müəllimin yüksək zövqə malik olduğuna bir daha əmin oldum. Amma “yaxın qohumu” sözləri yenə məndə sual doğurdu. Monoqrafiyanı oxumağa başladım.
Hacınski soyadını ilk dəfə 1-ci sinifdə eşitmişdim. Sinif yoldaşım vardı, İbrahim. Familiyası Hacınski idi. Sonralar Qız qalasının sağ tərəfindəki imarətin Hacınski adlı Bakı milyonçusuna aid olduğunu eşitdim. Daha sonralar onu da əlavə etdilər ki, bəs bu binanı tikəndən sonra Bakı bulvarının təməlini qoyan da məhz Hacınski olub. Vəssalam. Hacınski haqqında məlumatım bu qədər məhdud idi. Heç adını da bilmirdim. Baxmayaraq ki, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Aşurbəyovlar barədə məlumatım daha çox idi. Bəs günah kimdəydi? Müstəqillik illərində Hacınski adı bir daha gündəmə gəldi - Basin küçəsində Hacınskinin mülkü olan tarixi binanın abadlıq işləriylə bağlı sökülməyib arxaya sürüşdürülməsiylə. Vəssalam.
Monoqrafiyanı oxumağa başladım. Demə İsa bəy Hacınski 11 Bakı milyonçusu arasında bəy nəslindən, yəni əsil-nəcabəti olan yeganə şəxs imiş. Kitabın müəllifi Nuridə xanım İsmayılzadə isə onun nəticəsidir – alim və müəllim. Eldar Quliyev isə İsa bəyin bacısı Bilgeyis xanımın nəticəsiymiş. Necə deyərlər, İsa bəy Eldar müəlimin böyük dayısıdır.
Ağ şəhər bulvarında yerləşən "Bulvar otel"ə gəlirəm. Hacı Zeynalabdin Tağıyev zalındadır kitab təqdimatı. Deputatlar, alimlər, mətbuat nümayəndələri, İsa bəyin nəticə, kötükcələri... yığılıb zala. Kitabdan qeydlər eləmişdim. Bəlkə Eldar müəllim məni çıxış eləmək üçün dəvət edib? Kitabı geyiminə" görə yüksək qiymətləndirdim. Hələ təqdimat mərasimini, hamıya kitabların hədiyyə edilməsini, İsa bəy haqda filmi demirəm. Bunlar hamısı Eldar Quliyevin böyük dayısına, öz əsil-nəcabətinə oğulluq borcu, hörmətinin nəticəsi idi. Kitabı “geyiminə” görə qəbul etmişdim, “ağlına" görə yola salmalıydım. Təəssüratlarım çox idi. Axır ki, İsa bəyi tanımışdım, tanımışdıq. Amma çox gec tanımışdım, çox gec tanımışdıq.
Tədbir başlayır. Bir az həyəcanlıydım. İlk olaraq kitabın müəllifi, redaktoru, rəyçilər çıxış etdilər. Sonra deputatlar, o cümlədən Eldar müəllim. Müşahidə etdim. İki nəfər digərlərindən çox fərqlənirdi. Biri Nuridə xanım, o biri isə Eldar müəllim. Biri arxivlərdə çalışan, sovet repressiyasının zərbə vurduğu, yandırdığı, oğurladığı tariximizdən təsadüf nəticəsində sağ qalan faktları üzə çıxarıb bir yerə toplayan, ona öz Nəticə ürəyini qoyan Nuridə xanımdır, o biri isə bu əsəri öz ulu dayısı, öz ulu babalarına layiq bir şəkildə çap etdirən, təqdimat mərasimi keçirən Eldar müəllim.
Təqdimat mərasimində mənə söz verilmədi. Amma ürəyim doluydu. Qərara aldım ki, ürəyimi kağıza boşaldım. Axı yazılan söz yadigardır. Təəssüratlarımın adını əvvəlcə “İsa bəy Hacınski kimdir?” qoydub. Amma bu kitabda mənim bilmədiyim o qədər maraqlı informasiya var ki... Ya hamısını yazmalısan, ya heç birini. Yoxsa müəllif inciyər. Bir də ki, kitab göz qabağındadır. Çox oxunaqlıdır. Dili rəvandır. Bu səhifə o biri səhifəni çəkir. Təkcə İsa bəy deyil. Maraqlı şəxsiyyətlər toplusudur bu kitab. Elmi kitabdır, amma yorucu deyil. Sanki bulaqdır, adamın ürəyinə axıb gedir...
HAŞİYƏ: Sovet vaxtı Teleteatrda şairlərlə tələbələrin görüşüdür. Aparıcı şair Cabir Novruzdur. Atam da ordadır. Şeirlər bir-birini əvəz eləyir. Bu dəm tələbələrdən biri sual verir: “Şairlər sevgi şeirlərini sevib yazırlar, yoxsa sevməyib yazırlar?” Cabir Novruz sualı Qabilə ötürür. O da “Bir var bulaq suyu, bir də laboratoriyada distilə edilmiş su. İkisinin də kimyəvi formulu H2O-dur. Biri dadlıdır, biri dadsız. Sevib yazanda bulaq suyu olur, sevməyəndə isə dadsız distilə edilmiş laboratoriya suyu” (SON).
...çünki ürəkdən gəlib. Bu monoqrafiyaya, bu kitaba Hacınskilər nəslinin, bəy nəslinin nümayəndələri Nuridə xanım İsmayılzadə və Eldar bəy Quliyev ürəklərini qoyublar. Ona görə də gözəl alınıb. Həm daxilən, həm xaricən.
Yazımın adını dəyişirəm, “İsa bəy Hacınski kimdir?” başlığını silib, “İsa bəy Hacınski haqqında gecikmiş kitab” qoyuram. Yazıya sonuncu nöqtəni isə belə qoyuram: Gec olsun, güc olsun. Həmkarım Esmira Çərkəzqızı demişkən “Axırıncı yox, axarıncı olsun”.