RU

Putin G7-lər klubuna qayıtmaqdan təəccüblü şəkildə imtina etdi...


ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin fevralında demişdi: “Mən istərdim ki, onlar (Rusiya – red. A.N.) geri qayıtsın. Məncə, onları çıxarmaq səhv idi”.

2025-ci ilin iyununda isə G7 sammiti ərəfəsində Tramp bir daha bunu təkrar etdi və bildirdi ki, əgər Rusiya aradan çıxarılmamış olsaydı, indiki müharibələrdən biri, xüsusən Ukraynadakı müharibə baş verməyə bilərdi. Media məhz buna istinadən Rusiya prezidentindən soruşur ki, G7 platformasına qayıtmaq fikriniz varmı. Amma hələ G7-dən və ya onun liderlərindən Rusiyaya geri dönməsi barədə heç bir rəsmi dəvət mövcud deyil.

Putin özü də qeyd edib ki, sadəcə bu mövzu gündəmə gəlib, amma rəsmi olaraq “G7-yə qayıtmaq” dəvəti olmayıb.

Rusiya prezidenti Vladimir Putinin Hindistan mətbuatına müsahibəsində verdiyi son açıqlamalar Kreml ilə Qərb arasındakı münasibətlərin yalnız gərgin olduğunu yox, həm də struktur səviyyəsində dəyişdiyini bir daha təsdiqlədi. Putin açıq şəkildə bildirdi ki, Moskvanın G7 və ya onun əvvəlki genişləndirilmiş formatı olan G8-ə qayıtmaq planı yoxdur. Bu, təkcə siyasi ritorika deyil, Kremlin son illərdə köklü şəkildə dəyişən beynəlxalq strateji xəttinin açıq etirafıdır. Rusiya lideri təkcə “qayıtmaq istəmirik” demədi, həm də niyə belə bir qayıdışın mənasız olduğunu ətraflı izah etdi.

Putin G7-nin tarixi simvolizminin artıq real iqtisadi gücü əks etdirmədiyini xüsusi vurğuladı. Onun sözlərinə görə, G7 ölkələrinin qlobal ÜDM-də payı 1990-cı illərin əvvəllərində dominant həddə — 60%-dən çox olsa da, bu gün reallıqda təxminən 27%-ə düşüb. Bunun əksinə olaraq, BRICS, G20 və ŞƏT kimi qurumlar əhalinin, ticarətin, xammal ehtiyatlarının və istehsal gücünün böyük hissəsini əhatə edən “yeni mərkəzlər” kimi inkişaf edir. Rusiya artıq özünü Qərbin yaratdığı köhnə iqtisadi klubda yox, bu yeni blokların qlobal nizamının bir parçası kimi görür. Putinin G7-nin “nə baxımdan böyük olduğunu anlamıram” deməsi də məhz bu iqtisadi transformasiyanın vurğulanmasıdır.

Rusiya liderinin açıqlamaları göstərir ki, G7-yə qayıdış təkcə “istək” yox, həm də “şərtlər” məsələsidir. Putin qeyd etdi ki, münasibətlərin hazırkı vəziyyətində Avropa ölkələri ilə normal dialoq mümkün deyil. O, açıq şəkildə sual edir: “G7-yə getsəm, mənimlə danışmaq istəməyən liderlərlə necə dialoq qurum? Mən orada nə etməliyəm?” Bu, Kremlin Qərb platformalarında özünü təcrid olunmuş, tək və təsirsiz hiss etdiyini göstərən açıq mesajdır. Hətta Putin bildirib ki, 2014-cü il hadisələrindən əvvəl belə G8 sammitlərinə getməməyə artıq öz marağı azalmışdı, yəni qayıdış istəyi illər əvvəl itib.

Eyni zamanda, Putin ABŞ prezidenti Donald Trampın nümayəndəsi Stiven Vitkoff və Cared Kuşnerlə görüşlərində belə G7 məsələsinin heç qaldırılmadığını vurğulayıb. Bu isə onu göstərir ki, Rusiya ilə ABŞ arasında aparılan danışıqlarda belə G7 artıq gündəmin vacib mövzusu deyil. Məntiqlə belə çıxır ki, G7 Rusiya üçün prioritet olmadığı kimi, Rusiya da G7 üçün zəruri aktor kimi görünmür.

Qərb dünyası isə bu məsələdə parçalanmış vəziyyətdədir. ABŞ-da, xüsusilə Tramp administrasiyasının əvvəlki prezidentlik dövründə və indi də Rusiyanın yenidən G7-də yer almasını dəstəkləyən səslər var. Tramp Rusiyanın çıxarılmasını “strateji səhv” adlandırıb və Rusiyanın qlobal problemlərin həllində iştirakının vacib olduğunu iddia edib. Lakin bu yanaşma yalnız ABŞ daxilində müəyyən siyasi dairələrdə mövcuddur. G7-nin digər üzvləri, xüsusən də Avropa ölkələri bu fikri açıq şəkildə rədd edir. Almaniya kansleri Friedrich Merz qeyd edib ki, altı G7 üzvündən heç biri Rusiyanın qayıtması ideyasını dəstəkləmir. Fransa xarici işlər naziri isə Rusiyanın qayıdışını “hazırkı şəraitdə tamamilə qeyri-real” adlandırıb. Avropa üçün əsas arqument odur ki, G7 demokratik dəyərlərə, hüquqi normalara və liberal iqtisadi sistemə əsaslanan birlikdir. Rusiyanın bugünkü siyasi xətti isə bu prinsiplərlə ziddiyyət təşkil edir.

Beynəlxalq analitiklər də vurğulayır ki, Rusiyanın G7-yə qaytarılması Qərbin öz prinsiplərindən imtinası kimi görünə bilər. Bu, həm Ukrayna müharibəsi fonunda “siyasi mükafat” effekti yaradar, həm də G7-nin demokratik identikliyini zəiflədə bilər. Bu səbəbdən Avropada Rusiyanın G7-yə dönməsi yalnız uzunmüddətli, dərin diplomatik dəyişikliklərdən sonra mümkün hesab edilir. Lakin hazırda belə dəyişikliklər üçün heç bir siyasi zəmin görünmür.

Digər tərəfdən, Kremlin strateji siyasət vektoru artıq kəskin şəkildə Şərqə — Çinə, Hindistana, İrana və inkişaf edən Afrika və Latın Amerikası ölkələrinə yönəlib. BRICS-in genişlənməsi Rusiyaya yeni iqtisadi və siyasi imkanlar açır. ŞƏT-də isə Rusiya Çin ilə təhlükəsizlik və geosiyasi əməkdaşlığını gücləndirir. G20-də Moskva Qərbin onu platformadan çıxara bilməməsi səbəbi ilə hələ də qlobal masada oturur. Bu, G7-yə alternativlər baxımından Kremlə yetərli oyun sahəsi yaradır.

Bütün bu faktorlar göstərir ki, G7-nin G8 formatına qayıtması yalnız formal məsələdən ibarət deyil. Bu, artıq geosiyasi reallıqla ziddiyyət təşkil edir. Rusiya G7-ni köhnəlmiş Qərb platforması kimi görür, Qərb isə Rusiyanı bu birliyin prinsiplərinə uyğun hesab etmir. Buna görə də G7-yə qayıdış nə Moskva üçün siyasi mənada arzuolunandır, nə də Qərb üçün geosiyasi baxımdan məqsədəuyğundur. Yeni qlobal nizamın formalaşdığı bir dövrdə G7 və Rusiya artıq ayrı-ayrı orbitlərdə hərəkət edirlər və yaxın gələcəkdə bu iki orbitin kəsişməsi real görünmür.

Akif NƏSİRLİ

Избранный
8
baki-xeber.com

1Источники