ABŞ-nin Kornel Universitetinin alimləri üzərinə düşən işığın 99,87 faizini udan yeni parça hazırlayıblar. Nanotexnologiya ilə hazırlanan material işığı demək olar ki, tamamilə udaraq ultra-qara görünüş əldə edir. Mütəxəssislər yeni məhsulun digər oxşar texnologiyalarla müqayisədə daha ucuz və asan istehsal olunduğunu bildirirlər.
Materialın hazırlanması üçün ağ merinos yunu əvvəlcə sintetik melanin polimeri olan polidopaminlə örtülüb, daha sonra parça plazma mühitində nanofibril adlanan mikroskopik strukturlarla oyulub. Parçanın qaranlığı məhz bu nanohissəciklərin işığı içəridə saxlamasından qaynaqlanır.
Yeni texnologiya dizayn üçün təbiətdən ilham alıb. Parçanın hazırlanma prinsipi Yeni Qvineya və Şimali Avstraliyada yaşayan rifle quşunun (Magnificent Riflebird) ultra-qara tüklərindən götürülüb. Bu quşun tünd tükləri üzərində parlaq mavi-yaşıl rənglər daha güclü kontrast yaradır.
Yeni məhsuldan artıq moda sahəsində də istifadə olunmağa başlanılıb.
Ülkər XASPOLADOVA ,
“Azərbaycan”