RU

Aİ ölkələri gələn ildən 21 min nəfər sığınacaq axtaran şəxsin köçürülməsini planlaşdırır

Berlin, 8 dekabr, AZƏRTAC

Avropa İttifaqına (Aİ) üzv dövlətlər sığınacaq müraciətlərinin daha çox edildiyi ölkələrin yükünün ədalətli bölüşdürülməsi məqsədilə yeni mexanizm barədə razılığa gəlib. Razılaşmaya əsasən, Aİ daxilində 21 min nəfər sığınacaq axtaran şəxsin digər ölkələrə köçürülməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-yə üzv ölkələrin daxili işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında qərar qəbul olunub.

Yeni mexanizm miqrasiya təzyiqinə daha çox məruz qalan ölkələrin, o cümlədən Yunanıstan, Kipr, İspaniya və İtaliyanın yükünü azaltmağı hədəfləyir. Daha az miqrant qəbul etmiş ölkələr isə ya əlavə köçürmələr həyata keçirməli, ya da maliyyə töhfələri verməlidirlər.

Bu məqsədlə daha az yüklənmiş dövlətlər tərəfindən ümumilikdə 420 milyon avro vəsait ayrılması nəzərdə tutulur. Qeyd edək ki, 2024-cü ildə qəbul edilən Avropa sığınacaq islahatı çərçivəsində ildə azı 30 min nəfərin köçürülməsi və 600 milyon avro vəsait ayrılması planlaşdırılırdı. Lakin islahatın 2026-cı ilin iyunundan qüvvəyə minməsi səbəbilə müvəqqəti olaraq daha aşağı həcmdə öhdəliklər müəyyən edilib.

Yeni qaydalara əsasən, İsveç, Portuqaliya, Macarıstan, Rumıniya və Lüksemburq kimi ölkələrin əlavə məsuliyyət götürəcəyi gözlənilir. Avstriya, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya və Polşa isə əvvəlki illərdə toplanan miqrasiya təzyiqi ilə əlaqədar əlavə köçürmə və ya töhfələrdən tam və ya qismən azadolma tələbi irəli sürmək imkanına malik olacaq. Miqrasiya təzyiqi riski altında olan ölkələr qrupu isə Aİ Miqrasiya Dəstək Alətlərinə prioritet çıxış əldə edəcək.

Qeyd edək ki, bu ilin birinci yarısında Aİ-yə üzv ölkələrdə, eləcə də üzv olmayan Norveç və İsveçrədə yeni sığınacaq müraciətlərinin sayı azalıb. İyunun sonunadək 29 ölkədən ibarət EU+ qrupunda ümumilikdə 399 min yeni müraciət qeydə alınıb ki, bu da 2024-cü ilin ilk yarısı ilə müqayisədə 114 min vahid (23 faiz) azdır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
54
azertag.az

1Источники