Yeni ilin gəlişi ilə əlaqədar olaraq Editor.az Milli Məclisin bir neçə deputatına 2026-cı ili harada qarşılayacaqları və gələn ildən gözləntilərinin nədən ibarət olduğu barədə suallar ünvanlayıb. Deputatlar həm şəxsi planlarını, həm də ölkənin qarşıdakı il üçün əsas prioritetləri hesab etdikləri məsələlər barədə fikirlərini bölüşüblər.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Editor.az-a açıqlamasında bildirib ki, Yeni ili ənənəvi olaraq Bakıda, ailəsi ilə birlikdə qeyd edəcək:

“Yeni ildən əsas gözləntim Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Düşünürəm ki, nəhayət, sülhə mane olan problemlər aradan qalxacaq və 200 illik tarix birdəfəlik qapanacaq. Xalqımıza əmin-amanlıq və rifah arzulayıram”.
Millət vəkili Azər Badamov Yeni ili ailəsi ilə birlikdə Qusarda qarşılayacağını deyib. Onun sözlərinə görə, 2026-cı ildən gözləntiləri xüsusilə sülh prosesi ilə bağlıdır:

“İlk növbədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını arzulayıram. Bu, regionumuza təhlükəsizlik, inkişaf və rifah gətirəcək. Digər gözləntim işğaldan azad olunmuş ərazilərə daha çox keçmiş məcburi köçkünün qayıtmasıdır. Ümid edirəm ki, gələn il Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla başa çatacaq. Ölkə iqtisadiyyatının inkişaf dinamikasının qorunub saxlanılması və sosial rifahı artıran addımların genişləndirilməsi də yeni il üçün əsas arzularımdandır. Hər kəsə yeni ildə can sağlığı və uğur arzulayıram”.
Deputat Hikmət Babaoğlu isə Yeni ili Bakıda qeyd edəcəyini, daha sonra istirahətini Qarabağda davam etdirməyi planlaşdırdığını bildirib:

“Şərqi Zəngəzur və Qarabağın qışını görmək ayrıca bir gözəllikdir. Artıq tarixi Zəfərimizdən beş il ötür və ümid edirəm ki, 2026-cı ildə Ermənistanla sülhə imza atılacaq. Zəngəzur dəhlizinin hansı şərtlərlə fəaliyyət göstərəcəyi gələn il daha aydın olmalıdır. Bu yol mənim üçün həm də ona görə əhəmiyyətlidir ki, yenidən Qərbi Azərbaycana gedə biləcəyəm”.
Deputat Arzu Nağıyev Editor.az-a açıqlamasında Yeni ili Bakıda və Tovuzda ailəsi ilə birlikdə qarşılayacağını deyib.
O bildirib ki, 2026-cı ildən ilk gözləntisi Azərbaycanla Ermənistan arasında sülhün təmin olunmasıdır: “Bu il sülh olmalı, insanların rifahı yüksəlməlidir. Hər bir vətəndaşımızın sosial məsələlərinin həllini arzulayıram”.