RU

Türkiyə və Macarıstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq gücləndirilir

İstanbul, 9 dekabr, Günel Karatepe, AZƏRTAC

İstanbulda Türkiyənin və Macarıstanın aparıcı müdafiə sənayesi şirkətləri arasında imzalanan anlaşma sənədləri iki ölkənin bu sahədəki əlaqələrini daha da genişləndirir.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orbanın Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında müdafiə sənayesi də daxil olmaqla, 16 anlaşma memorandumu imzalanıb. Bununla paralel olaraq, Macarıstanın “4iG” Kosmik və Müdafiə Texnologiyaları Şirkəti ilə Türkiyənin “ASELSAN” və “Nurol Makina” şirkətləri arasında iki müqavilə bağlanıb.

Müqavilələrə əsasən, “4iG” Kosmik və Müdafiə Texnologiyaları Şirkəti 2030-cu ilədək Macarıstan bazarında “Nurol Makina” tərəfindən istehsal olunan “Gidran 4x4” zirehli taktiki hərbi nəqliyyat vasitələrinin satışı ilə bağlı “yeganə distribütorluq” hüququ əldə edir. Beləliklə, “4iG” Kosmik və Müdafiə Texnologiyaları Şirkəti bu zirehli vasitələri Macarıstan bazarındakı bütün potensial istifadəçilərə rəsmi şəkildə satmaq və tədarük etmək səlahiyyətinə malik yeganə şirkət olacaq. Bununla bağlı imzalanan müqavilə “Gidran” vasitələrinin tədarükü, təkmilləşdirilməsi və istehsalını əhatə edən, Macarıstan-Türkiyə müdafiə sənayesi əməkdaşlığının əsas sütunlarından birini təşkil edir.

Bugünə qədər Macarıstan Ordusuna və Müdafiə Nazirliyinə bağlı şirkətlərin mütəxəssislərinin iştirakı ilə dizaynı özəlləşdirilən və “Nurol Makina” tərəfindən Türkiyədə istehsal edilən 100-dən çox “Gidran” vasitəsi istifadəyə verilib. Gələn il isə 400-dən çox vasitənin Macarıatanda istehsalına başlanması hədəflənir. Bununla ölkədəki “Gidran 4x4” sayının 5 dəfə artacağı gözlənilir.

“4iG” Kosmik və Müdafiə Texnologiyaları Şirkəti ilə “ASELSAN” arasında imzalanan sənədlərə əsasən, gələcəkdə Macarıstanda uzaqdan idarəolunan silah sistemləri, İHA əleyhinə texnologiyalar və hava müdafiəsi sistemlərinin istehsal müəssisəsinin də qurulması nəzərdə tutulur. Bu müqavilələr çərçivəsində Macarıstan-Türkiyə iqtisadi və müdafiə sənayesi əməkdaşlığının gücləndirilməsi, Macarıstanda NATO standartlarına uyğun texnologiyaların təkmilləşdirilməsi və istehsalının dəstəklənməsi qarşıya məqsəd qoyulub.

Избранный
65
azertag.az

1Источники