RU

QHT sektorunun maliyyə problemləri III paneldə müzakirə olundu - AÇIQLAMA

Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində keçirilən Forumun III panelində “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov çıxış edərək qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi və iqtisadiyyatın kreditləşməsi ilə bağlı ciddi məsələlərə toxunub.

QHT.az xəbər verir ki, professor bildirib ki, hazırda dövlət büdcəsindən QHT-lərin fəaliyyəti üçün ümumilikdə təxminən 6 milyon manat vəsait ayrılır:

"Bəzi təşkilatlara 1500–2000 manat, bəzilərinə isə 3000 manat civarında maliyyə ayrılması QHT sektorunun real ehtiyaclarını qarşılamır. QHT-lərin büdcəsinin yeni strateji yanaşmalar əsasında yenidən formalaşdırılmasına ciddi ehtiyac var. 130 milyard manata yaxın ümumi daxili məhsula və təxminən 41 milyard manat dövlət büdcəsinə malik ölkə üçün 6 milyon manatlıq QHT maliyyəsi son dərəcə aşağı göstəricidir. Xarici təsirlər, iqtisadi məhdudiyyətlər və qlobal risklər fonunda QHT-lərin dəstək mexanizmlərinin gücləndirilməsi zəruridir".

Çıxışında kreditləşmə məsələsinə də toxunan iqtisadçı bildirib ki, Azərbaycanda 100 manatlıq ÜDM-ə cəmi 38 qəpik kredit düşür. Halbuki geridə qalan ölkələrdə bu göstərici 20–30 faiz, orta gəlirli ölkələrdə 50 faiz, inkişaf etmiş ölkələrdə isə 100 faizi və daha artıq olur:

"Bizdə güzəştli kreditlərin həcmi real sektorun, xüsusilə kiçik və orta biznesin inkişafı üçün yetərli deyil. İstehlak kreditlərinin faiz dərəcələri 18–25 faiz arasında dəyişdiyi halda, real sektor üçün güzəştli kreditlərin həcmi çox aşağıdır. Təxminən 500 milyon manatlıq güzəştli kreditlə 130 milyard manatlıq iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil".

Sonda professor vurğulayıb ki, kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxış problemi hələ də tam həllini tapmayıb və bu istiqamətdə daha ciddi iqtisadi islahatlara ehtiyac var.

 

Pərvanə Fərhadqızı

Избранный
21
qht.az

1Источники