RU

Polşa Ukraynaya MiQ-29 qırıcılarını verməyi planlaşdırır

Polşaya məxsus MiQ-29 qırıcılarının Ukraynaya verilməsi ilə bağlı danışıqlar davam edir və bu proses çərçivəsində Polşa bəzi raket və pilotsuz uçuş aparatları texnologiyalarına çıxış əldə etməyi müzakirə edir.

APA xəbər verir ki, bu barədə Polşa ordusunun Baş Qərargahı sosial şəbəkədə məlumat yayıb.

Məlumata görə, Ukraynaya bu təyyarələrin verilməsi onların istismar müddətinin sonuna çatması və Polşa Silahlı Qüvvələrində onların modernləşdirilmə perspektivinin olmaması ilə bağlıdır.

“Qırıcıların verilməsi Ukraynanı dəstəkləmək və NATO-nun şərq cinahında təhlükəsizliyi təmin etmək üzrə müttəfiq siyasətinin bir hissəsi olacaq. İstismardan çıxarılan MiQ-29 təyyarələrinin vəzifələrini F-16 və FA-50 təyyarələri yerinə yetirəcək”, – qeyd edilib.

Vurğulanır ki, təyyarələrin əvəzinə Ukrayna ilə Polşaya müəyyən PUA və raket texnologiyalarının təqdim olunması barədə danışıqlar aparılır.

“Məqsəd təkcə avadanlığın kompensasiyası deyil, ilk növbədə yeni müdafiə və sənaye imkanlarının əldə olunması və birgə inkişaf etdirilməsidir”, – Polşa Baş Qərargahından bildirilib.

Избранный
20
apa.az

1Источники